Narkotiklə bağlı cinayətlərin çoxunu işsiz və oxumayanlar törədib
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ərzində ölkədə qeydə alınmış 36811 cinayət hadisəsinin 10057-si və ya 27,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur ki, bu da 2022-ci ilin göstəricisindən 5,7 faiz azdır. Onların 65,3 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 30,8 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,9 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,9 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil etmişdir.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 8697 şəxs müəyyən edilmişdir. Onların 35,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz çoxdur. Cinayət törətmiş şəxslərin 98,1 faizi cinayət məsuliyyətinə cəlb olunmuş, 1,9 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilmişdir.
Cinayət törətmiş şəxslərin 70,6 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,8 faizini qadınlar təşkil etmişdir. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 6,0 faizi 18-24 yaşlı, 15,9 faizi 25-29 yaşlı gənclər, 77,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.
Bununla yanaşı, 2023-cü il ərzində sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş 1972 nəfər inzibati məsuliyyətə cəlb olunmuşdur ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,2 faiz azdır.
Ötən il ərzində 6343,4 kiloqram və ya 2022-ci ilin göstəricisi ilə müqayisədə 26,0 faiz çox narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 3823,7 kiloqramını marixuana, 1939,3 kiloqramını heroin, 261,2 kiloqramını tiryək, 65,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,5 kiloqramını kokain, 253,5 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.
AzVision.az
Teqlər: