Şəkinin yeniyetmələri və gəncləri istər qədim, istərsə də müasir sənət növləri ilə maraqlanır, öz üzərilərində işləyərək inkişaf etdirirlər. Bu günlərdə Şəkidə yaradıcı gənclərin ilk dəfə bir araya gəlməsi, əl işlərinin sərgilənməsi ona əsas verir ki, burada xalq sənətinə, müasir incəsənətə meyil və maraq yetərincədir. Təşkilatın əməkdaşları Şəkinin müxtəlif ali və orta ixtisas, eləcə də ümumtəhsil məktəblərində təhsil alan gənclərin əl işləri ilə tanış olub, onları dinləyib, gələcək arzuları ilə maraqlanıblar.
Ağac üzərində oyma, yandırma üsulu ilə bəzək-naxışlar, tikmə və toxuma, müxtəlif tullantılardan hazırlanan suvenirlər... Bəli, bütün bunlar Şəkidə fəaliyyət göstərən yaradıcı gənclərin əl işləridir. İlk dəfədir ki, onlar bir araya gəlir və əl işlərini nümayiş etdirirlər.
Helikopter, yer qazan ekskavator, zirehli döyüş maşınları, tanklar və müxtəlif çaplı avtomat silahlar, yanğınsöndürən nəqliyyat vasitəsi - bunlar Oxud kənd tam orta məktəbin 8-ci sinif şagirdi Ayxan Məmmədlinin əl işləridir. Dediyi kimi, onun hərbi sahəyə böyük marağı var. Su nasosları vasitəsilə hazırladığı və hərəkətə gətirdiyi nəqliyyat vasitələri indidən diqqəti cəlb etməyə bilmir.
Nigar Davudova Pedaqoji Universitetin Şəki filialında təhsil alır və yaradıcı gəncləri bir araya yığıb onların qabiliyyətlərinin üzə çıxarılması üçün səy göstərir. Deyir ki, dərsdənkənar vaxtlarında tələbə yoldaşları ilə müxtəlif bəzək və geyim əşyaları, eləcə də digər maraqlı suvenirlər hazırlayaraq satışa çıxarırlar. Bu, onların maddi rifahı üçün cüzi bir miqdar olsa da, gələcək üçün təməl, zəmin deməkdir.
Yaradıcı gənclərin əl işləri sırasında Samirə Ramazanovanın və onun sinif yoldaşlarının əl işləri də diqqətimizi cəlb edir. Samirə özü muncuqlardan müxtəlif tablo və mənzərələr hazırlayır. Son əl işi isə Zəfər bayramı münasibətilə hazırladığı muncuqlarla tikmə işidir.
Əl işlərini təqdim edən gənclər qrupundan birinə də Günay İbrahimova rəhbərlik edir. Kollec tələbələri xırda çay daşlarından istifadə edərək Şuşa qalasının kompozisiyasını hazırlayıblar. Deyirlər bu işə bir aydan çox vaxt sərf ediblər. Onların qrupunda da sənət növlərinə böyük maraq olduğunu söyləyən Günay belə tədbirlərdə əl işlərini nümayiş etdirərək müəllim və yaradıcı insanlardan stimul aldıqlarını deyir.
Yaradıcı gəncləri ilk dəfə bir araya toplayan Nicat Abdulxalıqov bu layihəni gələcəkdə daha geniş formada, region və ölkə səviyyəsində keçirməyi planlaşdırdığını deyib.
Diqqətə çatdırılıb ki, yaradıcı gənclərin ilk görüşündə 50 nəfərə yaxın gəncin əl işləri nümayiş etdirilib. Həm də onlar heç bir hazırlıq olmadan, əl işlərini sərgiləyiblər. Bu isə onu deməyə əsas verir ki, qədim sənətkarlar diyarı Şəkidə sənət növlərinə maraq tarixi ənənədən qaynaqlanır və belə gənclərin istedadının, qabiliyyətinin üzə çıxarılması istiqamətində yeni layihələrin həyata keçirilməsinə ehtiyac var.
AzVision.az