Bakıda Rusiya Elmlər Akademiyasının 300 illiyi qeyd olunub - FOTOLAR

Bakıda Rusiya Elmlər Akademiyasının 300 illiyi qeyd olunub -    FOTOLAR
  02 Mart 2024    Oxunub:833
Martın 1-də Beynəlxalq Muğam Mərkəzində Rusiya Elmlər Akademiyasının 300 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
AzVision.az xəbər verir ki, bayram tədbiri Bakıdakı Rus evi, Beynəlxalq Muğam Mərkəzi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərəfindən birgə təşkil olunub.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxış edərək, iştirakçıları salamlayıblar.

Tədbirin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi Alyona İnyakina iştirakçılara Rusiya Elmlər Akademiyasının yaranma tarixindən və inkişafından, dünya sivilizasiyasına akademiklərin töhfəsindən, eləcə də elmi təfəkkür ilə musiqi sənətinin əlaqəli inkişaf yollarından söhbət açıb.

Azərbaycan, rus, əcnəbi akademik və xalq musiqiləri, rəqsləri Azərbaycanın Əməkdar artistləri Anton Ferştandt, Aleksey Miltıx, Elnarə Kəbirlinskaya, Nigar Məlikovanın, beynəlxalq müsabiqələrin laureatları – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərovanın, BMA-nın konsertmeysteri Dilarə Kərimovanın, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Rövşən Əmrahovun, eləcə də Azərbaycan Dövlət Xor Kapellasının artistləri Kamilla İmanova, Fərhad Ələkbərov və Əliyar Əliyevin, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının artisti Ruslan Persanın, rəqqasə Zərnigar İmanovanın ifasında təqdim edilib.

Tədbirdə Rusiya Federasiyası universitetlərinin və səfirliyin əməkdaşları, elmi ictimaiyyətin təmsilçiləri, bakılılar və paytaxtın qonaqları iştirak ediblər.

AzVision.az

Qalereya




Teqlər: tədbir   Rusiya  





Xəbər lenti