Qurban Qurbanovun oğlu: "Bilirdim ki, birdən-birə partlayış olmayacaq"

Qurban Qurbanovun oğlu:    "Bilirdim ki, birdən-birə partlayış olmayacaq"
  26 Mart 2024    Oxunub:1134
Bir az şanslıq oldu. Düşünürəm ki, qələbəyə layiq idik.
Bunu Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı "FIFA series - Edition 2024" layihəsində Bolqarıstan ilə heç-heçə (1:1) etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

21 yaşlı hücumçu yığmanın hər iki matçında məqsədlərinin qalib gəlmək olduğunu söyləyib: "Uzun müddətdən sonra Vətənə qayıtmaq, yığmadakı komanda yoldaşlarımızla çiyin-çiyinə oynamaq xoşdur. Onları uzun müddət görmürdüm. Millidə çıxış etmək hər azərbaycanlı üçün şərəfdir".

İsveçin “Yurqorden” klubunun şərəfini qoruyan forvard yayda "Qarabağ"a qayıtmaq ehtimalına münasibət bildirib: "Hələlik mənim bundan xəbərim yoxdur. Klubumdayam, bu barədə qərar verilməyib, danışığımız olmayıb. Komandamın uğurları üçün çalışacağam".

Qurbanlı son dönəmlərdə Skandinaviya təmsilçisində az forma şansı əldə etməsinə toxunub: "Belə şeylər normaldır. Oraya gedəndə bilirdim ki, birdən-birə partlayış olmayacaq. Futbolda çətinliklər olur, bəzən isə hər şey yaxşı gedir. Bütün bunlara hazırlıqlı idim. Hazırda psixoloji olaraq çətindir, oynamayanda hər futbolçu üçün belədir. Keçən il komandamızda bir az eniş oldu. Yeni transferlərimiz var. Bəlkə də onlara şans verilir. Bu, baş məşqçinin qərarıdır. Mənim üzərimə düşən məsuliyyətlə məşqlər etmək və əsas heyətdəki yerimi qaytarmaqdır".

Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.
AzVision.az



Teqlər:





Xəbər lenti