Şəhid Elzamin Təhməzovun qızı imtahanda yüksək bal topladı

   Şəhid Elzamin Təhməzovun qızı imtahanda yüksək bal topladı
  03 Aprel 2024    Oxunub:840
Xəbər verdiyimiz kimi, ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
AzVision.az “Zəfər şəhid ailələrinə dəstək” İctimai Birliyinə istinadən məlumatına görə, imtahanda yüksək nəticə göstərənlər arasında şəhid polkovnik-leytenant Elzamin Təhməzovun qızı Aysu Elzamin də var.

O, orta məktəbin buraxılış imtahanından yüksək nəticə - 282 bal toplayıb. A. Elzaminin həkim olmaq istədiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Elzamin Təhməzov zəfər tariximizə adı qızıl hərflərlə yazılan qəhrəmanlarımızdandır. Əslən Laçın rayonunun Malxələf kəndindən olan şəhidimiz 1979-cu il oktyabrın 26-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyanın məzunudur. ABŞ-da, Almaniyada, Pakistanda, İraqda, Sloveniyada və Türkiyədə keçirilən təlimlərdə iştirak edib. O, həmçinin NATO təlimlərində Azərbaycanı təmsil edib.

Vətən müharibəsi başlayan zaman Elzamin Təhməzov briqadanın kəşfiyyat rəisi idi. O, Murov yuksəkliyi və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə bir çox erməni postlarının alınmasında böyük şücaətlər göstərib. Talış yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı isə düşmən tərəfindən mühasirəyə alınan 400 əsgərimizi mühasirədən xilas edib. Komandanlıq etdiyi briqadanı qələbəya doğru uğurla aparıb. Polkovnik-leytenant sentyabrın 29-da düşmən tərəfindən atılan minamiyot mərmisinin yaxınlığına düşməsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elzamin Təhməzov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Qeyd edək ki, şəhidimizin Vətənə əmanət olan iki qız övladı var.


AzVision.az


Teqlər:





Xəbər lenti