Gülər Əhmədova: “Qanunsuz həbsdə saxlanılıram”

Gülər Əhmədova: “Qanunsuz həbsdə saxlanılıram”
  17 Aprel 2013    Oxunub:1365
Sabiq millət vəkilinə istintaqın gedişi haqda heç bir məlumat verilmir.
Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədovanın ev dustaqlığına buraxılması üçün vəsatət hazırlanır. Bu barədə “Media forum” saytına Gülər Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib.

Vəkilin sözlərinə görə, Səbail Rayon Məhkəməsinə təqdim olunacaq vəsatətdə Gülər Əhmədova haqda həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini istəyəcəklər: “Qanunsuz və ədalətsiz həbsin dəyişdirilməsi üçün başqa hüquqi imkanımız qalmayıb. Bununla qanunsuzluğu qismən aradan qaldırmaq istəyirik. Gülər Əhmədovanın işi üzrə hər hansı istintaq hərəkəti aparılmır. Bu necə istintaqdır ki, Gülər Əhmədovanı həbs edirlər, amma bu günədək Elşad Abdullayevi dindirməyiblər. İlk növbədə Elşad Abdullayev dindirilməlidir. İstintaq onun ifadəsi əsasında Gülər Əhmədovadan ifadə almalıdır. Çünki onun Gülər Əhmədovaya qarşı hansı ifadələr səsləndirdiyi məlum deyil. Bir yandan deyir ki, Gülər Əhmədova məndən 500 min dollar alıb, o biri yanda yazır ki, 1 milyon dollar, digərində isə 2 milyon dollar göstərir. İstintaq 1 milyon dollarlıq ittiham verib. Amma istintaq Elşad Abdullayevi dindirməyib.

Mətbuatda yayılan məlumatlara görə, istintaq orqanı Fransaya istintaq qrupu göndərir. Mən bilmirəm ki, istintaq orqanı niyə Elşad Abdullayevə bu qədər diqqət göstərir? Əgər ona Cinayət Məcəlləsinin dörd maddəsi ilə ittiham irəli sürüblərsə, deməli, Elşad Abdullayev İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməlidir. Ondan Bakıya gəlməsi tələb olunmalıdır. Elşad Abdullayevin ardınca Fransaya getmələri ona göstərilən diqqət və qayğının göstəricisidir”.

Aprelin 16-da Gülər Əhmədova ilə görüşdüyünü deyən vəkil bildirib ki, sabiq deputatın səhhəti ağırdır: “Hərarəti aşağı düşmür. Bu da Gülər Əhmədovanın ağır xəstəlikdən əziyyət çəkdiyini göstərir. Deyir ki, məni şərləyiblər, haqsızlıqla üzləşmişəm, qanunsuz həbsdə saxlanıram, istintaqı uzadırlar, istintaqın gedişi haqda heç bir məlumat vermirlər. Bütün bunlara görə Gülər Əhmədova əzab çəkir”.



Teqlər:  





Xəbər lenti