Azərbaycanın ilk işğal edilən kəndi azadlıqda - 71 yaşında Bağanısa qayıdır

  Azərbaycanın ilk işğal edilən kəndi azadlıqda -    71 yaşında Bağanısa qayıdır
  23 Aprel 2024    Oxunub:1366
Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan Qazaxın işğal olunmuş 4 kəndinin qaytarılması barədə razılığa gəlib. Bura Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri daxildir.
Bu kəndlər işğal olunan zaman ermənilər orada misli görünməmiş faciələr törədiblər. Həmin hadisələrin şahidlərindən biri də 71 yaşlı Valeh Məmmədovdur. O, Bağanıs Ayrım kəndinin sakini olub. İşğala qədər kənddə avtobus sürücüsü işləyib.

“Ermənilər işğala qədər hər gün kəndi atəşə tuturdular. Martın 24-ü səhər saat 10-da isə böyük qoşunla kəndə girdilər. Bizim isə əlimizdə silah yox idi. Özümüzü heç cür müdafiə edə bilmirdik. Polislərin köməyinə sığınmışdıq. Kəndin girəcəyində Alməmməd kişini öldürdülər. Daha sonra Dədə kişini, onun həyat yoldaşı, qızları və 15 günlük nəvəsini mal tövləsinə salıb yandırdılar. O hadisələr hələ də gözümün qabağındadır. İki polisimiz hücumun qarşısını alarkən şəhid oldu.

Daha sonra ermənilər geri çəkildi. Sağ qalan cavanlar ailələrini başqa rayona yerləşdirib, yenidən Bağanıs Ayrıma qayıtdı. Qayıdarkən ailənin yandırıldığı tövləyə baxdım. Onlar bir-birinə doğru sürünə-sürünə ölmüşdülər.

Bağanıs Ayrıma Gəncədən hərbçilər gəldi. Evlərimizi, məktəblərimizi təmir edib, dedilər ki, bizi yenidən kəndimizə geri qaytaracaqlar. Ancaq qismət olmadı. 1990-cı il avqustun 20-də ermənilər kəndə ikinci dəfə hücum etdilər. Bu dəfə topla atəş açırdılar, kənddə qalmaq heç cür mümkün deyildi. Məcbur qalıb evlərimizi tərk etdik. Maşınla Aşağı Əskipara kəndinə gəldik. Bununla da bizim Qazaxda köçkün həyatımız başladı.

Sonralar Quşçu Ayrımdakı hündür təpədən durub Bağanıs Ayrıma baxardım”.

V. Məmmədov 37 yaşında qoyub çıxdığı kəndinə yenidən qayıtmaq arzusundadır.

“Kənddən çıxanda 37 yaşım var idi. Oraya 71 yaşımda gülə-gülə, ayaqyalın qayıdacağam. Kəndin aşağı tərəfində, çayın qırağında yaşayırdıq. Gözəl mənzərəli yerimiz var idi. Görəsən, oradakı bulağımız dururmu?! Oradan su içəcəyəm".

Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanıs Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı qətliam törədilib. Kənddə 5 üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti