"Futbolçularımla fəxr edirəm"

   "Futbolçularımla fəxr edirəm"
  02 İyun 2024    Oxunub:1307
"Futbolçularımı təbrik edirəm. İlk hissədə meydanda taktiki savaş getdi. Son zamanlar "Qarabağ" əlinə düşən ilk epizodu qola çevirir. Bu gün də belə oldu. İlk təhlükəli epizodları qolla nəticələndi. İkinci yarıda hücumameyilli oynadıq, rəqibə təzyiq edirdik. İkinci hissədə açıq futbol getdi. Azarkeşlər xüsusən ikinci hissədən zövq aldılar".
AzVision.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun finalında "Qarabağ"a uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

Oyunu şərh edən mütəxəssis matçın onlar üçün faydalı olacağını bildirib: "Doğru yanaşsaq, bu oyun bizə çox kömək olacaq. 40 gündən sonra bu səviyyəyə yaxın komanda ilə oynayacağıq. Orada da bu istək, eyni ustalıq, iradəyə ehtiyacımız olacaq. Futbolçularım da bu oyunu yaxşı analiz etməlidirlər. Titul olanda "Qarabağ" kimi rəqiblər maksimumu edir. Oyunçularım layiqli mübarizə apardılar. Oyunu əlavə dəqiqələrə apara bilərdik. Futbolçularımla fəxr edirəm".

R.Sadıqov meydana gözlənilməz ilk 11-lik buraxması ilə bağlı sualı da cavablandırıb: "Çox məşqçilər bu tip oyuna üstünlük verib. İlk yarıda rəqibə qarşı etibarlı oynamaq istəyirdik. "Qarabağ" kimi komandalar qol vurduqdan sonra rahatlaşıb, daha özünəinamlı oynayırlar. Biz də ikinci yarıda hücum potensialını artırmağı düşünürdük. İki il əvvəl oynadığımız eyni oyun sistemidir. Sadəcə futbolçular fərqli idi. Planımız eyni idi. "Qarabağ"ı mərkəzdə qarşılayıb, aqressiv oynayaraq, rəqibə oynamağa imkan vermək istəmirdik. Rəqib 43-cü dəqiqədə qol vurubsa, demək ki, planımız işlədi. Qapımıza zərbə vurmaqda çətinlik çəkirdilər. Bu gün əsas heyətdə olmayan futbolçularla da danışmışdıq ki, 60-cı dəqiqədən hücumameyilli oyunçuları meydana buraxacağıq".

AzVision.az



Teqlər:





Xəbər lenti