Vəkillər Kollegiyasının üzvləri məhkumlara pulsuz xidmət göstərəcəklər - FOTOLAR

Vəkillər Kollegiyasının üzvləri məhkumlara pulsuz xidmət göstərəcəklər    - FOTOLAR
  11 İyun 2024    Oxunub:729
Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəhbərliyi ilə Vəkillər Kollegiyasının rəhbər heyəti arasında birgə fəaliyyətin təşkili ilə bağlı görüş keçirilib.
AzVision.az xəbər verir ki, görüşdə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov qonaqları salamlayaraq, ədliyyə naziri Fərid Əhmədovun tapşırığına əsasən həbs edilmiş şəxslərin və məhkumların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Vəkillər Kollegiyasının hər zaman məhkumların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində əməli addımlar atdığını bildirən nazir müavini həbs edilmiş şəxs və məhkumlara peşəkar hüquqi yardımın göstərildiyini, hüquqi maarifləndirmə istiqamətində müxtəlif cəzaçəkmə müəssisələrində mütəmadi tədbirlərin həyata keçirildiyini, təşkil edilən hüquqi yardım tədbirləri zamanı məhkumlara mülki və cinayət qanunvericiliyinin müddəalarının ətraflı izah edildiyini qeyd edib.

Qəbula görə ədliyyə naziri Fərid Əhmədova və nazir müavini Mirsaleh Seyidova minnətdarlığını ifadə edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər iki qurum arasında ilk dəfə bu cür səmərəli görüşün keçirildiyini vurğulayıb, son dövrlər Kollegiyada görülən işlərdən söz açıb, hüquqşünasların vəkilliyə marağının artdığını, o cümlədən Penitensiar xidmətdə aparılan mühüm islahatları xüsusi qeyd edib.

Vəkillərin əsas vəzifəsinin insanlara keyfiyyətli hüquqi yardım göstərməkdən ibarət olduğunu diqqətə çatdıran Anar Bağırov məhkumların qarşılaşdığı hüquqi problemlərin həlli istiqamətində bundan sonra da zəruri tədbirlərin görüləcəyini bildirib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, mövcud imkanlar qiymətləndirilib. Tərəflər arasında növbəti illərdə məhkumlara ödənişsiz hüquqi yardımın göstərilməsi, eyni zamanda, Kollegiyanın Qadın Vəkillər Alyansı ilə qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsi arasında birgə tədbirlərin təşkili məsələləri müzakirə edilib.

Sonda qonaqlar Penitensiar xidmətin Baş idarəsinin inzibati binası ilə, eləcə də muzeydə Ulu Öndər Heydər Əliyev və Zəfər şəhidlərinin xatirə guşələri ilə tanış olublar.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti