Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

  Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
  12 Avqust 2024    Oxunub:1741
Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
“Stad de Frans” stadionunda təşkil edilən tədbirdə əvvəlcə açılış mərasiminin ən yaddaqalan anlarının yer aldığı videoçarx nümayiş olunub.

Daha sonra meydanın mərkəzində dünya xəritəsi formasında hazırlanmış səhnəyə ölkələrin nümayəndə heyətləri daxil olublar. Ölkələrin rəsmi paradında Azərbaycan bayrağını Olimpiadanın gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar.

Ardınca Paris Olimpiadasının son mükafatlandırma mərasimi baş tutub. Qadınlar arasında marafonun qalibləri fəxri kürsüyə dəvət olunublar. Niderlandlı Sifan Hassan qızıl, efiopiyalı Tiqst Assefa gümüş, keniyalı Hellen Onsando Obiri isə bürünc medala layiq görülüblər. İdmançılara mükafatları Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax və Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastyan Kou təqdim ediblər.

Tədbirin bədii hissəsindən sonra Tomas Bax və "Paris-2024" Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Toni Estanqe çıxış ediblər.

Olimpiadanın rəsmi himni səsləndirildikdən sonra Olimpiya bayrağı endirilərək, yarışın növbəti təşkilatçı ölkəsi olan ABŞ-a ötürülüb. Bayrağı Los-Anceles şəhərinin meri Karen Bas qəbul edib. Daha sonra isə tanınmış aktyor Tom Kruz bayrağı götürərək arenanı tərk edib. Ardınca isə "Los-Anceles-2028" Yay Olimpiya Oyunlarının tanıtım videosu yayımlanıb.

Sonda isə Olimpiya məşəli söndürülüb və dördilliyin ən nüfuzlu idman yarışına yekun vurulub.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti