DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 3 il ötür

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 3 il ötür
  22 Oktyabr 2024    Oxunub:959
İnklüziv cəmiyyətin inkişafına töhfə verən Mərkəzdə hazırda həssas
qruplara aid 160-dək benefisiar təlimlərdən yararlanır.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 3 il ötür. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci il oktyabrın 22-də açılışı olan Mərkəz Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və digər həssas qruplara aid şəxslərin istedad və bacarıqlarının inkişafına, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

Mərkəz 121 nəfərlik auditoriumdan, müxtəlif peşə-yaradıcılıq otaq və studiyalarından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan və s. ibarətdir. Burada 14 fəaliyyət istiqaməti (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s.) üzrə təlimlər təşkil edilir.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 580-dək şəxsə xidmət göstərilib və hazırda Mərkəzdə həssas əhali qruplarından olan 160-a yaxın benefisiar təlimlərdən yararlanır. Həmçinin bu vaxtadək Mərkəzdə həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün 100-dən çox tədbir təşkil olunub.

Mərkəzin benefisiarlarının əl işləri ölkəmizin hüdudlarından kənarda təşkil olunan 2 beynəlxalq tədbirdə - 4-cü Qış Olimpiya Oyunları çərçivəsində Cənubi Koreyanın Qanqvon əyalətində əlilliyi olan gənclərin əl işlərindən ibarət sərgidə, həmçinin Cenevrədə Millətlər Sarayında 2 aprel - Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş ekspozisiyada nümayiş etdirilib.

Mərkəzdə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərlə bərabər, sosial pedaqoji və psixoloji dəstək xidmətləri də göstərilir. Cari il ərzində də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas əhali qruplarından olan şəxslərə 1400-dən çox sosial pedaqoji inkişaf və psixoloji dəstək xidmətləri göstərilib.

Ötən ilin noyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllıda “DOST EVİ” filialının da açılışı olub.

Bölgədə yaşayan həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsinə, onların məşğulluq imkanlarının artırılmasına xidmət göstərən filialda 10 istiqamət üzrə 6 emalatxana - dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanaları fəaliyyət göstərir.

AzVision.az



Teqlər:





Xəbər lenti