"Azərbaycanı ittiham edən dövlətlərin neft hasilatı bizimkindən dəfələrlə çoxdur" - Deputat

   "Azərbaycanı ittiham edən dövlətlərin neft hasilatı bizimkindən dəfələrlə çoxdur" -    Deputat
  21 Noyabr 2024    Oxunub:328
"Azərbaycanı "petrostate" adlandıran və yaşıl iqtisadiyyatı siyasi təzyiq alətinə çevirməyə çalışan dairələrə cənab Prezident İlham Əliyev tutarlı cavab versə də hələ də bir sıra xarici mətbu orqanlar özfəaliyyətlərini davam etdirirlər. Azərbaycan uzun müddət Avropa İttifaqının və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasına dəstək olub və töhvə hələ də davam etdirilir. Rusiya-Ukrayna müharibəsi başlanandan sonra soyuq qış günlərində Avropaya mavi qaz ixracatını artıran da məhz Azərbaycan idi".
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ölkəmizi "petrostate" adlandıran mətbu orqanlarının nəşr olunduğu dövlətlərin, demək olar, hamısının neft hasilatı Azərbaycan ilə müqayisədə dəfələrlə çoxdur:

Azərbaycan neftinin qiyməti 83 dolları ötüb
"Paradoksun da digər üzü məhz budur. Neft hasilatının həcminə görə Azərbaycan dünyada sadəcə 25-ci ölkədir və bu siyahıda ilk yerdə ABŞ, daha sonra Rusiya, Səudiyyə Ərəbistanı, Kanada və İraq gəlir. Göründüyü kimi, Azərbaycan neft hasilatının həcminə görə nəniki ilk onluqda, hətta ilk iyirmilikdə belə yer almayıb. Gündəlik 5.0 milyon barel neft hasilatı olan Kanadanın istehsalı cəmi 0.6 milyon barel olan Azərbaycanı "petrostate" adlandırmağın özü də məhz ikili yanaşmanın təzahürüdür".

Deputat onu da əlavə edib ki, mavi qaz hasilatının həcminə görə də Azərbaycan dünyada ilk iyirmilikdə yer almır:

"Ölkəmizin 23-cü sırada qərarlaşdığı siyahıda yenə də ABŞ birincidir. Kanada isə hər zamankı kimi ən çox qaz hasil edən dövlətlər arasında ilk beşlikdədir. İllik hasilatı 34 milyard m3 olan ölkəmiz ilə müqayisədə Kanada (188 milyard m3 ) 5.5 dəfə, ABŞ (1.029 tirlyon m3 ) 30 dəfə, Norveç (124 milyard m3 ) 3.7 dəfə çox qaz hasil edir.

Yaşıl iqtisadiyyatın formalaşmasına gəldikdə isə, hazırda Azərbaycanda yaşıl enerjinin ümumi istehlakda payı 17 faizdən çoxdur, 2030-cu ilədək bu göstərici 35 faizədək yüksələcək. Karbon emissiyası isə 40 faiz azladılacaq. Yeri gəlmişkən, qlobal karbon emssiyasının cəmi 0.1 faizi Azərbaycanın payına düşdüyü halda bu rəqəm ABŞ-da 12.6 faiz, Hindistanda 7.6 faiz, Avropa İttifaqında 6.4 faiz, Kanadada 1.52 faizdir. Yəqin ki, əlavə rəqəmlərə ehtiyac yoxdur. Reallığa qərəzsiz və açıq gözlə baxmaq lazımdır".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Avropa   neft  





Xəbər lenti