Minimum pensiya və əmək haqqı nə qədər olacaq?

 Minimum pensiya və əmək haqqı nə qədər olacaq?
  24 Noyabr 2024    Oxunub:259
"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2025-ci ilin Dövlət Büdcəsi layihəsi" birinci oxunuşda müzakirə edildi. Mətbuatda ən çox yer alan məsələlərdən biri də Hesablama Palatasının təqdim etdiyi rəydə “2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin (280 manat) minimum əmək haqqı məbləğinə (400 manat) nisbətinin 70% olacağının nəzərdə tutulmasının” qeyd edilməsidir. Milli Məclisdə keçirilən müzakirələrdə bu məsələ ilə bağlı müvafiq qurum tərəfindən izahat verilməsini istədim və güman edirəm ki, yaxın günlərdə rəsmi əsaslandırma təqdim olunar".
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, palata bu məsələdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına” istinad edib:

"Bununla yanaşı, Prezident Ilham Əliyev həm minimum əmək haqqı, həm də minimum pensiyanın artırılması barədə göstəriş verib və profil nazirliklər tərəfindən də bu istiqamətlərdə işlər həyata keçirilməkdədir.

Orta aylıq əməkhaqqı 9,1 faiz artacaq
Bu məsələ ilə bağlı mətbuat tərəfindən çoxlu suallar ünvanlandığını nəzərə alaraq qeyd etmək istədim ki, həm minimum əmək haqqı, həm də minimum pensiya məbləğləri cənab Prezidentin imzaladığı fərmanlar ilə artırılır. Yəni hər hansı strateji sənədlərdə minimum əmək haqqı və minimum pensiya məbləğləri proqnozlaşdırılsa da, qərarlar dövlət başçısı tərəfindən qəbul olunur. Deməli, həm minimum əmək haqqı, həm də minimum pensiya ilə bağlı konkret məbləğlər sənədlər imzalananda bəlli olacaq. Strategiyaya istinad heç də konkret məbləğlər anlamına gələ bilməz.

Qeyd edim ki, Milli Məclisdə keçirilən iclasda bildirdim ki, "minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı göstəriş var. Buna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflərin hazırlanması həyata keçirilib. Sualım bundan ibarətdir ki, cənab Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə göstərişlər olduğu halda rəydə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına istinad nə dərəcədə doğrudur? Əgər istinad olunursa, orada dövlət başçısı tərəfindən göstərişin olmasının qeyd olunmasına ehtiyac var idi ki, bu mətbuatda fərqli yanaşmaların olmasına gətirib çıxarmasın”".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Minimumpensiya   minimuməməkhaqqı  





Xəbər lenti