Fəqərəarası disk yırtığı əməliyyatı icbari tibbi sığortanın təminatına daxildir
Cari ilin yanvar-oktyabr ayları ərzində icbari tibbi sığorta hesabına 3 min 500-ə yaxın diskektomiya əməliyyatı icra olunub. Əməliyyatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) həyata keçirilib.
Əməliyyatdan öncə isə bir sıra diaqnostik müayinələrdən keçmək tələb olunur. Əsas müayinələr maqnit-rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT), onurğa rentgenoqrafiyası, elektrokardioqramma (EKQ), qarın boşluğunun ultrasəs müayinəsi (USM) və sinirlərin funksionallığının qiymətləndirməsi üçün həkim tərəfindən aparılan neyrofizioloji testləri əhatə edir. Bunlarla yanaşı, əməliyyata əks göstərişin olmadığını müəyyən etmək üçün qan analizi və digər laborator müayinələr də tələb oluna bilər. Qeyd edilən instrumental, funksional-diaqnostik və laborator tibbi xidmətlər icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsizdir.
Qeyd edilib ki, ixtisaslı həkim tərəfindən əməliyyat təyin edilmədən öncə konservativ müalicə üsulu tövsiyə olunur. Bunlardan biri də icbari tibbi sığorta ilə qarşılanan fizioterapiya xidmətidir.
Oturaq həyat tərzi, zədə və travmalar, fiziki yüklənmə, artıq çəki, genetik faktorlar fəqərəarası disk yırtığının yaranmasına səbəb ola bilər. Buna görə, disk yırtığının əməliyyat sonrası yenidən yaranmaması üçün qeyd olunan risk amilləri nəzərə alınmalı, həkimin tövsiyələrinə riayət olunmalıdır.
AzVision.az
Teqlər: