Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu yenidən qurulur
Hazırda layihə boyu torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilməklə yol geyiminin tikintisi aparılır.
Bundan başqa yol boyu müxtəlif diametrlərə malik düzbucaqlı və dairəvi suötürücü boruların eləcə də keçidlərin tikintisi işləri görülür. Layihədə nəzərdə tutulan 6707 metr uzunluğa malik istinad divarından 3494 metr hissəsi artıq inşa edilib.
Qeyd edilən işlərə paralel olaraq 1 və 3 aşırımlı 5 körpünün inşası da sürətlə davam etdirilir. Körpülər yolun 1.6, 4.4, 7.2, 9.6 və 14-cü km-lik hissələrində inşa edilir.
Layihə boyu ümumi fiziki tərəqqi 55 % təşkil edir. Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.
Yol Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.
AzVision.az
Teqlər: