Avtosənayedə “zəlzələ”: 3 nəhəng birləşə bilər

   Avtosənayedə “zəlzələ”:    3 nəhəng birləşə bilər
  20 Dekabr 2024    Oxunub:2118
Çinin avtomobil sənayesinin yüksəlişi qlobal bazarı silkələməkdə davam edir. Bu dəfə Yaponiyanın 2 nəhəng şirkətinin - “Honda” ilə “Nissan”ın birləşəcəkləri haqqında xəbərlər yayılıb. “Mitsubishi”nin də onlara qoşulacağı istisna edilmir.
Əgər birləşmə baş tutsa, dünyanın kapitallaşma həcminə görə (55 milyard dollar) üçüncü ən böyük avtomobil şirkəti yarana bilər. Xəbər yayılandan sonra “Nissan”ın səhmləri 24% qalxıb.

Avqust ayında “Honda”, “Nissan” və “Mitsubishi” bəyan etmişdilər ki, bazarın sürətlə dəyişən reallığına uyğunlaşmaq məqsədilə elektromobillər üçün ortaq hissələrdən - məsələn, akkumulyatorlardan və avtonom hərəkəti təmin edəcək vahid proqram təminatından istifadə etməyə hazırlaşırlar. Bununla bağlı “Honda” və “Nissan” artıq razılığa gəliblər.

Şirkətlərin birləşməsi onların Yaponiya avtosənayesinin lideri olan “Toyota” və Almaniyanın nəhəngi “Volkswagen” konserni ilə rəqabət aparmalarına imkan yarada bilər.

Ötən ay “Nissan” şirkəti 9000 işçini ixtisar etmişdi. Bu, əməkdaşların 6%-i deməkdir. Səbəb şirkətin 9,3 milyard yena (58,1 milyon avro) həcmində rüblük ziyanla üzləşməsidir. Şirkətin rəhbərliyi bəyan edib ki, “Nissan” daha effektiv olmalı, bazarın yeni reallığına, zövqünə, tələblərə daha çevik uyğunlaşmalıdır.

“Honda”nın gəliri də ilin birinci yarısında 20% azalıb. Səbəb ilk növbədə şirkətin Çin bazarındakı mövqelərini itirməsilə bağlıdır.

2023-cü ildə “Toyota” 11,5 milyon, “Honda” 4,2 milyon, “Nissan” 3,4 milyon, “Mitsubishi Motors” isə 1 milyondan bir az çox avtomobil istehsal ediblər. Hətta sonuncu 3 şirkət birləşsələr də, “Toyota” Yaponiyanın ən böyük istehsalçısı olaraq qalacaq.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Avtomobil  





Xəbər lenti