“Vətənini sevən hər kəs ana dilini də sevməlidir” - Vüqar Rəhimzadə

“Vətənini sevən hər kəs ana dilini də sevməlidir” -    Vüqar Rəhimzadə
  21 Fevral 2025    Oxunub:383
“21 fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Hər bir xalqın maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən onun dilidir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi təşəbbüsünü irəli sürdü. Onun bu təşəbbüsü 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında əksini tapdı”.
Bu fikirlər Milli Məclisin deputatı Vüqar Rəhimzadəyə məxsusdur. O bildirib ki, xalqı xalq, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil.

Millət vəkili qeyd edib ki, hər bir xalqın, millətin təqdimatında onun dili əhəmiyyətli rol oynayır. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Azərbaycan dili bu tarixi hadisəni yaşadı.

“Azərbaycan dilinin qorunması və saflaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər davamlılığı ilə diqqət çəkir. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması əksini tapdı. Ulu Öndər 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Ümummilli Lider daim bildirirdi ki, digər dilləri də öyrənmək lazımdır, amma əvvəl öz ana dilimizi öyrənək, onu yad təsirlərdən qoruyaq”,- Vüqar Rəhimzadə deyib.

Millət vəkili son 21 ildən artıq müddətdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması istiqamətində atdığı addımlara da diqqəti yönəldib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları, həmçinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi də bunun bariz nümunəsidir. Dövlət Proqramının icrasında məqsəd Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılması idi. “Dövlət başçısı İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da atılan addımların davamlılğını, dilimizin qorunmasının prioritetliyini təsdiqləyir. Prezident çıxışlarında Azərbaycan gənclərinə bu çağırışı edir ki, dilimizi, milli-mənəvi dəyərlərimizi, tariximizi öyrənməli və onları inkişaf etdirməliyik. Vətənini sevən hər kəs ana dilini də sevməli, onun varlığının qorunmasına, inkişaf etdirilməsinə öz töhfəsini verməlidir.


Teqlər: Ana-dili  





Xəbər lenti