Lavrov: “Rusiya ilə Ukraynanı sazişdən bir saat ayırırdı”

      Lavrov:    “Rusiya ilə Ukraynanı sazişdən bir saat ayırırdı”
  24 Fevral 2025    Oxunub:384
2022-ci ilin yazında İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna arasında sülh razılaşmasına bəlkə də bir saat qalmışdı.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Türkiyəyə rəsmi səfəri çərçivəsində belə bəyanat səsləndirib.

Ukrayna prezidenti Volodimir Zelenskinin “mövqeyini yaşıl maykadan daha tez-tez dəyişdiyini” deyən lavrov, münaqişənin sadəcə olaraq dondurulmasının Moskvanı qane etmədiyini və Kremlin artıq bu variantı sınaqdan keçirdiyini bildirib.

“ABŞ prezidenti Donald Tramp Ukraynanı NATO-ya çəkmək siyasətinin səhv olduğunu etiraf edib və biz bunu alqışlayırıq. Birləşmiş Ştatlar Rusiya ilə Ukrayna üzrə dialoq üçün xüsusi nümayəndə təyin etməlidir. Rusiya və ABŞ bu həftə diplomatik missiyaların işinin normallaşdırılması ilə bağlı tam məsləhətləşmələr aparacaqlar”, - Sergey Lavrov deyib.

Türkiyəli həmkarı Hakan Fidanla danışıqların yekunlarına dair mətbuat konfransında isə Lavrov Moskvanın Ukrayna ilə bağlı “danışıqlara hazır” olduğunu, lakin “yalnız Rusiya tərəfinə uyğun bir nəticə əldə ediləcəyi halda, hərbi əməliyyatları dayandıracağını” vurğulayıb.

- Biz Ukrayna ilə, Avropa ilə, xoşməramlı ruhda sülhün əldə olunmasına kömək etmək istəyən istənilən nümayəndə ilə danışıqlara hazırıq, lakin biz yalnız bu danışıqlar Rusiyaya uyğun möhkəm və davamlı nəticə verdikdə hərbi əməliyyatları dayandıracağıq”, - Rusiya XİN-in rəhbəri iddia edib.

Moskvanın Rusiya-Amerika danışıqları barədə Türkiyəni ətraflı məlumatlandırdığına diqqət çəkən Lavrovun sözlərinə görə, Ər-Riyaddakı görüş ABŞ ilə normal dialoqa ümid verib və Moskva Vaşinqtonla təmasları davam etdirəcək. Bu baxımdan, Ukrayna nizamlanması ilə bağlı bir çox ölkələrin mövqeləri daha da real xarakter alıb. İndi Ukraynanın NATO-ya daxil olmaması ilə bağlı “dəmir-beton” razılaşma əldə edilməlidir.

Rusiya XİN-in başçısı, həmçinin Moskva və Ankaranın Suriya məsələlərində əməkdaşlıq haqqında razılığa gəldiklərini və Suriyada nizamlanma üzrə birgə işdə maraqlı olduqlarını təsdiqlədiklərini bildirib.

Ankarada Türkiyənin və Rusiyanın Xarici İşlər nazirləri, eyni zamanda, “Akkuyu” atom elektrik stansiyası (AES) layihəsinin həyata keçirilməsini, həmçinin enerji sektorunda əməkdaşlığın yeni variantlarını müzakirə ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Lavrov   Fidan   Ukrayna  





Xəbər lenti