Saakaşvili: “Məni Trampla şam yeməyinə görə cəzalandırıblar”

      Saakaşvili:    “Məni Trampla şam yeməyinə görə cəzalandırıblar”
  14 Mart 2025    Oxunub:541
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili yeni həbs cəzasını 2012-ci ildə ABŞ prezidenti Donald Trampla şam yeməyi ilə əlaqələndirib.
AzVision.az xəbər verir ki, Mixeil Saakaşvili bununla bağlı özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Bidzina İvanişvilinin göstərişi ilə prokurorluq mənə qarşı “dövlət vəsaitlərinin mənimsənilməsi” maddəsi üzrə iş açıb və bu iş mənim prezident olduğum müddətdə ofisimdəki rəsmi xərclərə əsaslanıb. Bu vəsaitlər əsasən xarici səfərlərə, Cozef Bayden və Hillari Klinton kimi xarici liderlərin və məşhur siyasətçilərin qəbuluna sərf edilib. İşdəki sənədlər arasında şam yeməyi üçün qəbzlər və 2012-ci ildə Donald Trampın Tbilisi və Batumidə qəbulu ilə bağlı digər xərclər də var”, - Gürcüstanın sabiq lideri bildirib.

Saakaşvili hakimin qərarını ömürlük cəza adlandırdı
O, qeyd edib ki, ittihamlar arasında Polşa prezidenti Lex Kaçinski və Çexiyanın keçmiş prezidenti Vatslav Qavelin dəfn mərasiminə göndərilən güllərə görə ödənişlər də daxildir. Saakaşvili, habelə müalicəsi, rəsmi kostyumları və digər əyləncə xərclərinin də ona qarşı açılan işə salındığını deyib. Onun sözlərinə görə, prokurorluq əslində onun bu pulları mənimsədiyini iddia etmir. Bu baxımdan, sözgedən məsələ sırf siyasi xarakter daşıyır.

Xatırladaq ki, martın 12-də Gürcüstan məhkəməsi hazırda artıq 6 il cəza çəkən Mixeil Saakaşvilini maliyyə vəsaitlərini mənimsəməkdə ittiham edərək, onun daha 9 il müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Saakaşvili   həbs   Tramp  





Xəbər lenti