ASN Almaniyada Qarabağ müzakirələri keçirib

ASN Almaniyada Qarabağ müzakirələri keçirib
  22 Aprel 2013    Oxunub:1352
Azərbaycan Tələbə Şəbəkəsi (ASN) 20 – 21 Aprel tarixlərində Almaniyanın Münster şəhərində Münster Graduate School of Politics-lə birgə postsovet məkanında etnik münaqişələrlə bağlı araşdırmalara həsr edilən birinci seminar-workshop keçirib.
Münster şəhərinin eyniadlı universitetində baş tutan seminarı həmin universitetin politologiya ixtisası üzrə doktorantura təhsili alan Elnur İsmayılov açıb. Daha sonra ASN-in icraçı direktoru İbrahim Əhmədov tədbir iştirakçılarını ASN və onun fəaliyyət istiqamətləri ilə tanış edib. Bundan sonra söz alan Münster Universitetinin siyasi elmlər üzrə professoru Prof. Dr. İngo Take, etnik münaqişələrin səbəb və həll yolları haqqında ətraflı məruzə ilə çıxış edib.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin siyasi və mətbuat müşaviri Vuqar Qafarovun Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və həlli yollarına həsr edilən çıxış edib və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı rəsmi mövqeyini tədbir iştirakçılarına çatdırıb.

Dağlıq Qarabağ münaqişəsilə bağlı daha iki maraqlı mühazirə dinlənilib. Bremen Universitetinin magistrantı Tim Schoot Uiterkamp “Etnik parçalanmanın mənəvi aspektləri: Dağlıq Qarabağ problemi” və Avropa Viadrina Universitetinin magistrantı Elçin Rəcəbov “Dağlıq Qarabağ münaqişəsinə hümanitar hüquqi baxış” mövzularında çıxışlar edib. Daha sonra Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılmışdır.

Seminar daha sonra Qafqaz və Mərkəzi Asiyada olan etnik konfliktlərə həsr edilən çıxışlarla davam etdirilib. Mövzular arasında “Cənubi Osetiya və Abxaziya - tanınmanın hüquqi və siyasi nəticələri”, “Amerika-Russiya əlaqələri: ABŞ-ın Cənubi Qafqazda gələcək rolu” və “Fərqanə vadisində qarşılıqlı anlaşma münaqişəsi və kimlik problemi” daha maraqlı qarşılanıb və müzakirə olunub.

Qeyd edək ki, seminarın nəticəsi olaraq təqdim edilən çıxışlar ASN və Münster Graduate School of Politics tərəfindən kitab şəklində çap ediləcək.


Teqlər:





Xəbər lenti