Politico: "Avropa Ukraynaya yardımın əleyhinədir"

      Politico:    "Avropa Ukraynaya yardımın əleyhinədir"
  16 Dekabr 2025    Oxunub:1074
"Almaniya və Fransa əhalisinin böyük bir hissəsi Ukraynaya müharibə ilə əlaqədar ayrılan maliyyə yardımının azaldılmasını istəyir".
ABŞ-nin "Politico" internet qəzeti məsələ ilə əlaqədar dekabrın əvvəlində hər iki ölkədə 2 min yetkin vətəndaş arasında sorğu keçirib. Sorğuya qoşulan almanların təqribən 46%-i, fransızların 37%-i Kiyevə yardımın əleyhinədir. Onların fikrincə, bu külli miqdarda yardım öz ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir. Almaniya üzrə sorğu iştirakçılarının 26%-i, Fransa üzrə iştirakçıların 17%-i vurğulayır ki, yerli hökumətlər Ukraynaya dəstəkdən əvvəl daxili problemlərin həllinə diqqət yetirməlidirlər:

"Sorğuda almanların 18%-i və fransızların 17%-i daha bir nöqtədə ortaq fikirdədirlər: Rusiya-Ukrayna müharibəsinin onların ölkələrinə qətiyyən dəxli yoxdur. Ona görə də Kiyevə maliyyə yardımı azaldılmalıdır. Sorğu iştirakçılarının 15-16%-i bu yardıma narazılığı başqa bir səbəblə əlaqələndirir: Avropanın artan dəstəyi Moskvanı daha da qızışdıra bilər".

"Politico" diqqətə çatdırır ki, sorğuya Almaniyadan qoşulanların əksəriyyəti ölkələrinə Ukraynadan miqrant axınının məhdudlaşdırılmasını da istəyir.

Eyni zamanda, Almaniya üzrə sorğu iştirakçılarının 21%-i, Fransa üzrə iştirakçıların isə 35%-i əks fikirdədir: onların qənaətinə görə, Ukraynaya maddi yardımın artırılması vacibdir. Sorğuda almanların 28%-i, fransızların isə 1/4-i belə düşüncədədir ki, yardım nə azaldılmalı, nə də artırılmalıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Fransa   Ukrayna   yardım   sorğu  



Xəbər lenti