NATO və Rusiya səylərini birləşdirir

NATO və Rusiya səylərini birləşdirir
  24 Aprel 2013    Oxunub:1357
Brüsseldə baş tutan NATO toplantısı Rusiya ilə Şimali Atlantika Alyansı arasında münasibətlərin normallaşmasına yol açıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da iştirak etdiyi toplantıda çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiya ilə yeni birgə layihələr hazırladıqlarını etiraf edib. O bildirib ki, rəsmi Moskva ilə əldə olunan razılığa əsasən hər iki dövlət birlikdə terrorizmə qarşı mübarizə çərçivəsində insanların sıx olduğu ərazilərdə yerləşdirilmiş partlayıcıların aşkar olunmasında vacib olan qurğunun istehsalında iştirak edəcəklər.

Müştərək şəkildə hazırlanacaq qurğu hər iki dövlətdə həyata keçirilməsi planlaşdırılan partlayışların qarşısının alınmasında əvəzsiz rol oynayacaq. Sözügedən qurğu Avropa dövlətlərindən birinin paytaxtında sınaqdan keçiriləcək. Bu arada onu da bildirək ki, sentyabrda NATO və Rusiya ortaq təlimlər həyata keçirəcək.

Birgə əməliyyatlarda təyyarələrə qarşı həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısının alınması üçün Hava Nəqliyyat Sistemi sınaqdan keçiriləcək. Onu da qeyd edək ki, son vaxtlar NATO ilə Rusiya arasında əlaqələr normallaşsa da Moskvanın Şimali Atlantika Alyansının Avropada yerləşdirməyi planlaşdırdığı raketdən müdafiə sistemlərilə bağlı mövqeyi dəyişməyib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti