Britaniyada FBI-ın analoqu yaradılacaq

Britaniyada FBI-ın analoqu yaradılacaq
  25 Yanvar 2026    Oxunub:1636
Böyük Britaniya ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) kimi fəaliyyət göstərəcək Milli Polis Xidmətini (NPS) təsis edəcək.
AzVision.az Sky News -a istinadla xəbər verir ki, yeni qurum İngiltərə və Uelsdə ən ağır cinayətlərin araşdırılması ilə məşğul olacaq. Bu barədə ölkənin daxili işlər naziri Şabana Mahmud ətraflı məlumat verib.

“Biz ‘Britaniya FTB-si’ adlandırılan yeni Milli Polis Xidmətini yaradacağıq, təhlükəli cinayətkarların izlənməsi və yaxalanması üçün yüksək səviyyəli kadrları və qabaqcıl texnologiyaları cəlb edəcəyik”, – deyə Sky News telekanalı onun açıqlamasını sitat gətirir.

Telekanalın məlumatına görə, yeni qurum terrorizm, dələduzluq və mütəşəkkil cinayətkarlıq kimi ən ciddi cinayətlərlə mübarizə aparacaq. Bildirilir ki, bu xidmət bir neçə mövcud qurumu, o cümlədən Milli Cinayətkarlıqla Mübarizə Agentliyini (NCA) və polisin antiterror bölmələrini birləşdirəcək. Qeyd olunur ki, yeni xidmətin rəhbəri Böyük Britaniyada ən yüksək rütbəli polis məmuru olacaq.

Sky News-un hökumətə istinadən yaydığı xəbərə görə, bu addım son 200 ilə yaxın müddətdə – polis xidmətinin yaradılmasından bəri – hüquq-mühafizə sistemində ən böyük islahat olacaq. Dəyişikliklərin məqsədi yerli polis idarələrinin yükünü azaltmaq və onların yerli səviyyədə cinayətkarlıqla mübarizəyə fokuslanmasına şərait yaratmaqdır.

Bundan əlavə, Milli Polis Xidməti bütün polis bölmələri üçün yeni texnologiya və avadanlıqların satın alınmasına, eləcə də ölkə üzrə üz tanıma texnologiyasının tətbiqinə cavabdeh olacaq, – deyə telekanal bildirir.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər: FBI  



Xəbər lenti