"Tibbi sığorta haqqında" Qanuna dəyişikliklər olunub

 "Tibbi sığorta haqqında" Qanuna dəyişikliklər olunub
  27 Yanvar 2026    Oxunub:1097
"Tibbi sığorta haqqında" Qanuna edilən son dəyişikliklərlə sığortaolunanların əhatə dairəsi genişləndirilib.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında söyləyib. O bildirib ki, Qanuna edilən dəyişikliklər nəticəsində sığortaolunan şəxslərin əhatə dairəsi genişlənib:

"Artıq həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) də icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi təmin edilir".

Zaur Əliyev diqqətə çatdırıb ki, Ədliyyə Nazirliyinin zəruri avadanlıq və mütəxəssisi olmadığı hallarda, xidmətlər icbari tibbi sığorta hesabına təmin olunacaq:

"Bu mexanizm çərçivəsində ildə təxminən 1500 nəfərə qədər şəxsin tibbi xidmətlərlə əhatə olunması planlaşdırılır. Bunun üçün 200 min manatadək maliyyə vəsaiti ayrılıb".

Sədr həmçinin vurğulayıb ki, Agentlik Azərbaycan Respublikasının vətəndaşlarının, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərin icbari tibbi sığortadan yararlanmasını təmin edir.

Zaur Əliyevin sözlərinə görə, dəyişikliklərin məqsədi əhalinin tibbi xidmətlərə çıxış imkanlarını genişləndirmək və sosial ədalət prinsiplərini gücləndirməkdir.

AzVision.az


Teqlər: sığorta  



Xəbər lenti