Zərifə Əliyeva Ukraynada anıldı

Zərifə Əliyeva Ukraynada anıldı
  28 Aprel 2013    Oxunub:2127
Bu gün Ukraynanın Kiyev vilayətinin İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan parkda onun 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) verilən məlumata görə, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Azərbaycan Milli Məclisinin üzvü Elmira Axundova, UAK sədri Rövşən Tağıyev, o cümlədən orada yaşayan azərbaycanlılarla yanaşı yerli hökumət və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Akademikin heykəli önündə toplaşanlar qarşısında çıxış edən səfir E.Mədətli Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edib. O deyib ki, belə bir parkın və abidənin olması Ukrayna xalqının Azərbaycan xalqı ilə dostluq əlaqəsinin bariz nümunəsidir.

Deputat E. Axundova isə çıxışında Zərifə Əliyevanın həyat yolundan, həkim və ziyalı kimi fəaliyyətindən danışıb.

UAK sədri R.Tağıyev də çıxışında bildirib ki, dünya üzrə tanınmış həmyerliləri olan Zərifə Əliyevanın Kiyev vilayətində belə abidəsinin qoyulması, böyük məktəblərdən birində onun muzeyinin açılması uzun illərdi Ukraynada yaşayan çoxsaylı azərbaycanlılar üçün qürur mənbəyidir. O, ukraynalıların da Zərifə Əliyeva və Heydər Əliyevi daim xatırladıqlarını deyib.

Toplantıda Kiyev vilayətində Zərifə Əliyevanın adına muzeyin fəaliyyət göstərdiyi 12 nömrəli məktəb- liseyin direktoru xanım Valentina Antoninko bildirib ki, məktəblə Zərifə Əliyevanın ata- baba yurdu olan Azərbaycanın Naxçıvan MR—nın Şahtaxtı kənd orta məktəbi ilə əməkdaşlıq yaradılıb. Bununla bağlı qarşılıqlı səfərlər həyata keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti