Almaniya səfiri Şurada olub

Almaniya səfiri Şurada olub
  18 Sentyabr 2014    Oxunub:1568
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel və səfirliyin birinci katibi Frederik Hake ilə görüş keçirilib.

Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yaradılması zamanı qabaqcıl dünya təcrübəsindən bəhrələndiklərini bildirərək fəaliyyət istiqamətləri haqqında qonaqlara ətraflı məlumat verib. Azay Quliyev Şuranın 2007-ci ildə demokratik prinsiplər əsasında formalaşdırıldığını və 11 üzvündən 8-nin vətəndaş cəmiyyətini təmsil etdiyini qeyd edib.

Azay Quliyev ölkəmizdə 3 mindən artıq QHT-nin insan haqları, demokratiya, ekologiya, sosial, təhsil və digər sahələrdə çalışdığını bildirərək Şuranın ötən 6 illik fəaliyyəti dövründə heç bir ayrı-seçkilik etmədən 2500-dən artıq təşkilatın layihəsini maliyyələşdirdiyini və bunun ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm töhfə olduğunu vurğulayıb. Şura sədri həmçinin Azərbaycan hökumətinə milli QHT-lərin xarici mənbələrdən asılılığının aradan qaldırılması üçün gələn ildən yerli donorlara ayrılan vəsaitin həcminin bir neçə dəfə artırılması ilə bağlı təklif irəli sürdüklərini də qeyd edib.

Şuranın ötən ildən etibarən xarici QHT-lər üçün qrant müsabiqəsi həyata keçirdiyini deyən Azay Quliyev Almaniyanın bir sıra ictimai təşkilatlarının da layihələrinin dəstəkləndiyini qeyd edərək, bu çərçivədə keçirilən tədbirlər haqqında səfirə məlumat verib. Azay Quliyev bir sıra beynəlxalq təşkilatların və Avropa dövlətlərinin nümayəndələrinin ölkəmizə qarşı münasibətdə ikili standartlardan çıxış etdiyini və bu halın haqlı olaraq narazılıq doğurduğunu bildirib.

Azərbaycanda vətəndaş cəmiyyətinin fəalliyyətini yaxından izlədiklərini qeyd edən səfir, xanım Haydrun Tempel Şuranın xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Almaniya və digər Avropa ölkələrinin təşkilatlarının layihələrinin dəstəklənməsini maraqla qarşıladığını bildirib.

Xanım Haydrun Tempel Almaniya-Azərbaycan münasibətlərinin inkişafı, QHT-lər haqqında qanunvericiliyə edilən son əlavə və dəyişikliklər, onların üzləşdikləri çətinliklər barədə fikirlərini bölüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qonaqların suallarına ətraflı cavab verilib.



Teqlər:





Xəbər lenti