Bayramqabağı ət təhlükəsi: nazirlik nə edəcək?

Bayramqabağı ət təhlükəsi: nazirlik nə edəcək?
  25 Sentyabr 2014    Oxunub:8653
“Azərbaycanın hər hansı bir rayonundan Bakıya qurbanlıq heyvan gətirilməsinə qadağa qoyulmayıb”.

Bunu AzVision.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

DBX-nin rəsmisi bildirib ki, bütövlükdə bu qadağa rayonlara şamil edilməsə də hansı təsərrüfatda xəstə heyvan varsa, o təsərrüfatlardan heyvanın çıxarılmasına məhdudiyyət qoyulub:

“Həmin məhdudiyyət öz qüvvəsində qalmaqdadır. Həmçinin qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin birgə tərtib etdiyi heyvanların kəsim və satış məntəqələri təşkil ediləcək. Həmin məntəqələrdə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gətirilən heyvanlara tam nəzarət edəcək. Həmçinin bayram günlərində səyyar labarotoriya fəaliyyət göstərəcək. Hər bir məntəqədə kəsilən heyvanlardan ət nümunələri götürüləcək və həmin səyyar labarotoriyada müayinə ediləcək. Hər bir heyvan müayinə olunduqdan sonra satışına icazə veriləcək”.

Son vaxtlar heyvanlar arasında yayılan “Nodulyar Dermatit” xəstəliyi ilə aparılan mübarizəyə gəlincə, Y.Xanvəli bildirib ki, adıçəkilən xəstəliyin yayıldığı rayonların sayı 25-ə çatıb:

“Bu xəstəliyə qarşı sintomatik müalicə tədbirlərimiz davam edir. Ümumi qeydə alınan rayonların sayı 25 olsa da, onlardan səkkizində 15 gün olar ki, xəstəlik artımı qeydə alınmayıb. Bu günə qədər 2580 baş heyvanda bu xəstəlik qeydə alınıb. Onlardan 2182 baş heyvan müalicə olunub, 370-dən artıq heyvanın müalicəsi isə davam etdirilir. Ölən heyvanların ümumi sayı isə 30 başa çatır. Bu xəstəlik tam olaraq Dövlət Baytarlıq Xidmətinin nəzarəti altındadır. Heç bir narahatçılığa əsas yoxdur”.

DBX-nin rəsmisi qeyd edib ki, bəzi işbazlar bu xəstəliyin yayılmasından istifadə edirlər:

“Belə söhbət gəzir ki, bəzi “iş adamları” həmin kəndlərə gedərək xəstəliyə yoluxan heyvanları alırlar. Həmin heyvan sahiblərinə məsləhət görərdik ki, heyvanları satmağa tələsməsinlər. Bu xəstəlik müalicə olunandı. Müalicə aparıldıqdan sonra ən çoxu 3 günə xəstə heyvan sağalır. 10 gündən sonra isə heyvan əvvəlki vəziyyətinə qayıdır. Xəstə heyvan sahibləri “iş adamları”nın “bu xəstəlik sağalmır” kimi yalançı vədlərinə inanmasınlar. Bu xəstəlikdən sağalan heyvanlar göstərir ki, bu xəstəliyi müalicə etmək mümkündür”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti