Rövnəq Abdullayev neftçilərə ev verdi

Rövnəq Abdullayev neftçilərə ev verdi
  11 Oktyabr 2014    Oxunub:3121
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev neftçilərə yeni mənzillərin orderlərini təqdim edib
Bu gün neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Bünyadzadə və 28 May küçəsilərində inşa edilən 5 ədəd yeni yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib.AzVision.az xəbər verir ki, tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak ediblər.

Məlumat verilib ki, binaların tikintisinə 2013-cü ilin yanvarından başlanılıb. Bünyadzadə küçəsi 7 ünvanında istifadəyə verilən yeni 9 mərtəbəli bina 2 blokdan və 64 mənzildən ibarətdir. Hər biri 32 ədəd olan 2 və 3 otaqlı mənzillərdən ibarət binanın ümumi sahəsi 5945,92 kvadrat metr, yaşayış sahəsi isə 2600,96 kvadrat metrdir.

28 May küçəsində yerləşən 4 ədəd 9 mərtəbəli yaşayış binasının isə ümumi sahəsi 23815,78 kvadrat metdrdir ki, bunun da 10099 kvadrat metri yaşayış sahəsidir. Bu binalarda ümumilikdə 27 ədəd bir otaqlı, 97 ədəd iki otaqlı, 97 ədəd üç otaqlı və 27 ədəd dörd otaqlı mənzillər vardır. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunmuş, binaların həyətində istirahət guşəsi yaradılıb, ətraf abadlaşdırılıb.

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə uğurla davam etdirilən tərəqqi və inkişaf strategiyasının ölkəmizə möhtəşəm qələbələr bəxş etdiyini söyləyən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qeyd edib ki, neftçilərin sosial problemlərinin həlli hər zaman diqqət mərkəzində olan məsələlərdəndir və bu sahədə mühüm tədbirlər həyata keçirilir. ARDNŞ-nin idarə və müəssisələrində çalışan işçilərin mənzil problemlərinin həlli istiqamətində görülən işlərdən danışan Rövnəq Abdullayev qeyd edib ki, şirkət bu gün respublikamızda öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə qurumdur və bu məqsədlə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb.

Bu gün ARDNŞ üzrə 4407 nəfər işçi mənzil uçotundadır ki, onların da 3966 nəfəri Bakıda, 441 nəfəri isə respublikamızın müxtəlif rayonlarında yaşayır. Kooperativ hazırda yeni mənzillərin tikintisi işlərini sürətlə davam etdirir. Sahil qəsəbəsində inşa edilən yaşayış binasının tikintisi artıq başa çatmaq üzrədir. Bundan başqa, Bakının Bibiheybət və Qaraçuxur qəsəbələrində, eləcə də Məhəmməd Hadi küçəsində yeni binaların inşasına başlanılacağı nəzərdə tutulur. ARDNŞ-nin prezidenti neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Daha sonra Rövnəq Abdullayev binaların açılışını bildirən rəmzi qırmızı lenti kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim etmiş, onlara yeni mənzillərində firavan həyat arzulayıb. Yeni binaların sakinləri adından çıxış edən neftçilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti