Rusiyada tanınmış bəstəkarımıza hörmətsizlik
Rusiyada “Bolşoy Teatr”da Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin təqdimatında müəllifin adının çəkilməməsinə Mədəniyyət və Turizm Nazirliyi münasibət bildirib.
Nazirliyin mətbuat katibi AzVision.az-a açıqlamasında deyib ki, uzun müddətdir ki, baletin müəllifi kimi Arif Məlikovun adının qeyd olunması üçün çalışırlar: “Afişalarda, bilet və dəvətnamələrin üzərində Arif Məlikovun adının qeyd olunmasına nail olmuşduq. Nazirlik bütün bunlara nəzarət etmişdi. Bu tendensiya var ki, Moskvada bu baleti Qriqoreviçin baleti kimi tanıyırlar, amma biz bu məsələnin fərqində idik deyə uzun müddətdir ki, bu istiqamətdə iş aparırdıq”.
Z.Əliyeva vurğulayıb ki, son olaraq Rusiyanın “ORT” kanalında baletlə bağlı efirə verilən videomaterialda “Məhəbbət əfsanəsi” Qriqoreviçin baleti kimi təqdim olunub: “Biz Rusiya teatrları ilə, ümumiyyətlə Rusiya dövləti ilə ədəbiyyat, musiqi sahəsində normal münasibətlər qurmağa çalışmışıq. Ona görə də belə münasibəti anlamırıq. Bu davranışı saymazlıq kimi qiymətləndirmək istəmirik, amma eyni zamanda etik şəkildə iradımızı bildərəcəyik”.
Nazirliyin sözçüsü vurğulayıb ki, bununla bağlı artıq məktub hazırlanır və aiddiyyatı qurumlara göndəriləcək: “Bu günə qədər formalaşan münasibətlərə heç bir xələl gətirməmək şərtilə iradımızı bilədərəcyik, buna səssiz qalmayacağıq. Televiziya sujeti bir dəfə efirə getsə də bunu düzgün qiymətləndirmirik. Xəta televiziyada olduğuna görə məktubun hara ünvanlanacağı barədə düşünəcəyik ki, əməli nəticəsi olsun”.
Fatimə Kərimli