`Elm şəhərciyi yaratmaq istəyirik` - Akif Əlizadə

`Elm şəhərciyi yaratmaq istəyirik` - Akif Əlizadə
  10 Noyabr 2014    Oxunub:2059
"Bu, Azərbaycanda keçirilən ilk elm festivalıdır və bu festival böyük əhəmiyyət kəsb edir".
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün "Bakı Elm Festivalı-2014"-ün açılışında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə söyləyib.

Onun sözlərinə görə, bu gün həm də sülh və inkişaf naminə Ümumdünya Elm Günüdür: "Festival Ümumdünya Elm Gününə təsadüf edir. Bu, xoş bir təsadüfdür. İnanıram ki, festival uğurlu olacaq".

Azərbaycan elminin əldə etdiyi nailiyyətlərdən danışan A.Əlizadə qeyd edib ki, azərbaycanlı alimlərin kəşf etdiyi yüksək oktanlı benzin İkinci Dünya Müharibəsində SSRİ-nin qələbə qazanmasında mühüm rol oynayıb: "AMEA-nın bu yaxınlarda istifadəyə verilmiş kitabxana binası informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub və fundamental elmin xidmətində tutur. Ukrayna alimlərinin azərbaycanlı həmkarlarını Antarktidada tədqiqata dəvət etməsi Azərbaycan elminin uğurlarından xəbər verir".

AMEA prezidenti Azərbaycanda böyük elmi potensial olduğunu və bu potensialın gənclər hesabına güclənəcəyini vurğulayıb: "Azərbaycanda güclü gənc elmi elita yaradılmalıdır ki, qarşıdakı 30 ildə Azərbaycan elmi inkişaf etsin. Elm Fondunun, Bilik Fondunun yaradılması bu məqsədi daşıyır. Lakin tək dövlətin dəstəyi ilə elmin inkişafına nail olmaq mümkün deyil. Mən bu gün bu kürsüdən nazirliklərə, biznes qurumlarına müraciət edirəm ki, elmə himayəçilik göstərsinlər".

A.Əlizadə elm və sənayenin qarşılıqlı əlaqəsi nəzərə alınmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi ilə AMEA-nın əməkdaşlığının genişləndirilməsinə böyük ümid bəslədiklərini vurğulayıb: "Biz Azərbaycan rəhbərliyinin dəstəyi ilə alimlər üçün elm şəhərciyi yaratmaq istəyirik. Ümid edirik ki, növbəti festivallarda artıq salınmış elm şəhərciyi barədə danışacağıq".


Teqlər:





Xəbər lenti