“Təhsil Nazirliyinin səlahiyyəti genişləndirilsin”

“Təhsil Nazirliyinin səlahiyyəti genişləndirilsin”
  20 Noyabr 2014    Oxunub:2470
Milli Məclisin elm və təhsil komitəsinin sədr müavini, deputat Bəxtiyar Əliyev Təhsil Nazirliyinin səlahiyyətlərinin genişləndirilməsini təklif edir.
AzVision.az saytı xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında, gələn ilin büdcə müzakirələrində danışan Bəxtiyar Əliyev deyib ki, 2015-ci ilin dövlət büdcəsi çox əhatəli təhlillər əsasında hazırlanıb, qarşıdakı bir neçə ili də əhatə edir, proqnoz göstəricilər elmi əsaslara söykənir, eyni zamanda büdcə Azərbaycanın son illərdəki inkişaf tempini ehtiva edir.

Komitə sədrinin müavini hesab edir ki, Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir: “Elm və təhsil bir-birinə sıx bağlıdır, biz innovasiyalı cəmiyyət, elm cəmiyyəti qurmaq əzmindəyik. Amma bunun üçün Təhsil Nazirliyinin səlahiyyətləri genişləndirilməlidir. Büdcə zərfində nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün elmə rəhbərlik və innovasiyaların sürətləndirilməsi siyasəti məhz Təhsil Nazirliyi tərəfindən həyata keçirilməli və orada mərkəzləşdirilməlidir. Artıq bunun zamanı çatıb və ciddi zərurətə çevrilib.

Bütün dünyada olduğu kimi Azərbaycanda da innovasiyalar, elmi axtarışlar Təhsil Nazirliyi və ali məktəblər sistemində birləşdirilməlidir, büdcədən ayrılan vəsaitlər məqsədyönlü qrant layihələri çərçivəsində real nəticələr verə biləcək istiqamətlərə yönəlməlidir. Hesab edirəm ki, əgər burada real nəticə olmayacaqsa, ayrılan vəsaitlər kadr hazırlığında, yeni texnologiyaların yaradılmasında özünü göstərməyəcəksə, innovasiya yaratmayacaqsa, büdcəyə əlavə gəlir gətirməyəcəksə, vəsaitin artırılmasının heç bir nəticəsi olmayacaq. Ona görə də bu məsələ diqqət mərkəzində saxlanmalıdır”.

Bəxtiyar Əliyev xatırladıb ki, prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il Azərbaycanda sənaye ili elan olunub, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb, müasir texnologiyaların tətbiqi ilə sənaye infrastrukturunun qurulması üçün münbit zəmin yaradılıb: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son yeddi ildə əldə etdiyi uğurlu göstəricilər buna parlaq nümunədir. Nazirlik hər il 17-25 faiz inkişafa nail olur. Bu isə onu göstərir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı siyasəti uğurla həyata keçirilir və bəhrəsini verir. Buna uyğun olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək texnologiyalar tətbiq olunur və yaxın zamanlarda bunun bəhrəsini görəcəyik”.


Teqlər:  





Xəbər lenti