Yeni peykimiz nə bacarır? – VİDEO
İndiyə qədər “Spot 7” adlanan peyk bundan sonra “Azersky” adlandırılacaq.
Beləliklə, ölkəmizin kosmosdakı mövcudluğu daha da genişləndi. Əgər birinci peykimiz olan “Azerspace” rabitə xidmətlərinin göstərilməsi üçündürsə, ikinci peykimiz “Azersky” tamam fərqli sahədə tətbiq olunacaq. O, bu günə qədər görülməmiş çevikliklə dünyanın istənilən nöqtəsinin yüksək ayrıntılı (HD) şəklini çəkə bilir. Bu isə kəsfiyyat xidmətlərindən tutmuş, kənd təsərrüfatı, fövqəladə hallar, geodeziya sahələrində tətbiqinə qədər müxtəlif imkanlar açır.
Təbii ki, bu xidmətlərə dünyanın bir çox qurumları maraq göstərirlər. Demək, Azərbaycan faktik olaraq kosmik xidmətlər sferasının yeni bir seqmentini də mənimsədi. Eyni zamanda, təbii ki, bu peykdən digər məqsədlər, məsələn, işğal altında olan ərazilərimizin izlənməsi üçün də istifadə oluna bilər.
Fransanın “Airbus Defence and Space” şirkətiindiyə qədər 7 SPOT peyki buraxmışdı. Bu abbreviaturanın mənası Satellite Pour l’Observation de la Terre – yəni Yerin İzlənməsi Üçün Peyk deməkdir.
Artıq bizim olan SPOT 7 (`AzerSky`) bu il iyunun 30-da Hindistanın Polar Satellite Launch Vehicle (PSLV) şirkəti tərəfindən kosmosa çıxarılıb. Peykin 10 il zəmanəti var.
Yeni peykimiz 694 km. hündürlükdə Yerin ətrafında fırlanır.
`AzeriSky` SPOT-6 ilə birlikdə işləyərək, gündə 3 milyon kv.km. ərazinin şəklini çəkə bilir. Yəni faktik olaraq bütün planeti çəkə bilər. Onun optikası 1.5 metrlik aylrdetmə qabiliyyətinə malikdir.
Tariyel
AzVision.az