İsraildə Vaqif Səmədoğluna böyük jest

İsraildə Vaqif Səmədoğluna böyük jest
  08 Dekabr 2014    Oxunub:1697
Azərbaycanın Xalq Şairi, hazırda İsraildə müalicə olunan Vaqif Səmədoğlu İsrail Yazıçılar İttifaqları Federasiyasının qərarı ilə bu qurumun sıralarına qəbul edilib.

İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü, professor Mixail Aqarunov və beynəlxalq münasibətlər sahəsində ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut Azərbaycanın Xalq Şairi Vaqif Səmədoğluya baş çəkib, İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvlük biletini ona təntənəli şəraitdə təqdim ediblər.

Azərbaycanın Xalq Şairi Vaqif Səmədoğlu İsrail Yazıçılar İttifaqları Federasiyasının tamhüquqlu üzvü kimi çıxış edərək, ona göstərilmiş bu şərəfə görə israilli həmkarlarına təşəkkürünü bildirib: “Bu gün mənim həyatımda çox əlamətdar və mühüm bir hadisə baş verib. Azərbaycan rəhbərliyinin səyi, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində mən yenidən İsrail klinikasında müalicə olunur və bu xəstəliklə mübarizəni davam etdirirəm. Bu müddətdə İsrail mənim üçün ikinci Vətən olub. Burada həm israilli həmkarlarımla, həm də Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşəm. Onlar məni və Nüşabə xanımı bir dəqiqə də diqqətsiz qoymurlar.

Azərbaycan və yəhudi xalqları arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Mənim atam, şair Səməd Vurğun həmişə məhz Quba-Qusar zonasından Azərbaycan Ali Sovetinin deputatı seçilib. Bu gün Azərbaycan multikulturalizmi fenomeninin fəxri sayılan Qırmızı Qəsəbəyə atamla bərabər tez-tez gedirdim. İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü kimi bir fakta görə çox fəxr edirəm ki, Azərbaycan ədəbiyyatının və poeziyasının beynəlxalq aləmdə populyarlaşması sərhədləri genişlənir. Mənə göstərilən şərəfə və Azərbaycan ədəbiyyatının nailiyyətlərinə verilən yüksək qiymətə görə israilli dostlarıma təşəkkür edirəm”.

Professor Mixail Aqarunov qeyd edib ki, son ilyarımda bizim hamımız üçün çox doğma insana çevrilmiş, hərtərəfli istedad sahibi, Azərbaycanın Xalq Şairi Vaqif Səmədoğlunu öz sıralarına qəbul etmək İsrail Yazıçılar İttifaqları Federasiyası üçün böyük şərəfdir. Professor Aqarunov daha sonra deyib: “Vaqif Səmədoğlu adı böyük hərflə yazılmağa layiq İNSAN, həqiqi və sədaqətli dostdur. Onunla hələ məktəbdə oxuduğumuz vaxtdan, tələbəlik illərindən dostluq edirik. Bir il bundan əvvəl Yerusəlimdə bakılı dostum və həmkarım, hazırda ABŞ-da yaşayan Aleksandr Qriçlə birlikdə Vaqifi necə qarşıladığımızı xatırlayıram. Bu, çox gözəl gecə idi, Vaqif özünün həyat eşqi ilə dolu lirik şerlərini oxuyurdu. O gecənin ədəbi aurası hələ də xatirimdədir. Zaldakı tamaşaçılar bu səmimi yaradıcılıq görüşünə görə Azərbaycanın Xalq Şairinə minnətdarlığını bildirdilər. Məhz o vaxt mən də, görüşün bütün iştirakçıları da başa düşdü ki, Vaqif burada öz dostları arasındadır, buna görə də onun İsrail Yazıçılar İttifaqları Federasiyasına üzvlüyə qəbul edilməsi təbiidir. Azərbaycan əsrlər boyu böyük bir ailə kimi yaşayan çoxsaylı xalqların mədəniyyətlərinin təcəssümüdür. Bu ailəyə Azərbaycanda yaşayan yəhudilər də aiddir. Bu gün ayrı-ayrı dinlərə etiqad bəsləyən müxtəlif etnosların birlikdə dostcasına yaşaması fenomeni çoxlarını heyrətləndirir. İstedadlı şair Vaqif Səmədoğlunun israilli həmkarlarının yaradıcılıq ittifaqına qəbul edilməsi həm də Azərbaycanın bu böyük oğlunun Azərbaycan torpağında yaranmış ənənələrə sədaqətinə görə, onun vətənində yaşayan bütün xalqlara, o cümlədən həmin xalqların ayrılmaz hissəsi olan Azərbaycan yəhudilərinə böyük sevgisinə görə təşəkkür əlamətidir. Mən bilirəm ki, Vaqif Səmədoğlu İsrail yazıçıları və şairləri kollektivinin üzvü olandan sonra onun əsərləri bizim ölkədə də çap ediləcək”.

Beynəlxalq münasibətlər sahəsində ekspert, Haifa Universitetinin doktorantı Arye Qut Azərbaycanın Xalq Şairi Vaqif Səmədoğlunu təbrik edərək vurğulayıb ki, Azərbaycan xalqının parlaq nümayəndəsi, müdriklik və ziyalılıq mücəssəməsi olan bu gözəl, nurlu insanla tanış olduğuna görə ulu Tanrıdan çox razıdır.
Arye Qut deyib: “Əgər bu həyatda gözəllik və müdriklik varsa, bu keyfiyyətlər sizin yaradıcılığınızda və şəxsiyyətinizdə əks olunur. Siz Azərbaycan ədəbiyyatı qaynaqlarından ilham alan, öz xalqını və Vətənini ürəkdən sevən, böyük və bənzərsiz şairsiniz. Siz Azərbaycanın döyünən qəlbisiniz. Biz sizi çox sevirik. Bu gün sizin təkcə Azərbaycanda yox, İsrail dövlətində də çoxlu oxucularınız və pərəstişkarlarınız, Facebook şəbəkəsində tanışlarınız və əsl dostlarınız var. Onlar sizi ürəkdən sevir və sizin üçün dua edirlər. Vaqif müəllim, siz çox müdrik və sadə, zərif və doğma insansınız, sözün həqiqi mənasında bizim adamsınız! Güman edirəm ki, bu gün sizin peşəkarlığınızın İsraildə etiraf edilməsi sizin yaradıcı fəaliyyətinizə verilən yüksək qiyməti əks etdirir və biz İsrail Yazıçılar İttifaqları Federasiyasına təşəkkürümüzü bildiririk ki, bu Federasiyaya üzv qəbul edilmiş ilk Azərbaycan şairi Azərbaycan ədəbiyyatının metri, canlı əfsanəsi və korifeyi Vaqif Səmədoğlu oldu”.



Teqlər:





Xəbər lenti