“Baş sındırmağa dəyməz”

 “Baş sındırmağa dəyməz”
  11 May 2013    Oxunub:1723
“Rusiya yaramır, bizə Azərbaycan lazımdır!”
“Son zamanlar, "vaxtı keçmiş Prezident" Saakaşvilinin qeyri-qanuni fəaliyyət müddətinin də bitməsinə baxmayaraq o xaricə , xüsusilə də qonşu Azərbaycana səfər edir. Onu buraxmaq olmaz, yoxsa elə işlər qarışdırar ki, Allah qorusun!”Gürüstanın "Georgian Times" qəzeti yazır.

AzVision.az “Ehtiyatlı olun! ” Vaxtı keçmiş prezident” başlıqlı həmin məqaləni olduğu kimi təqdim edir:

“Yəqin ki, onun fevralın 28-də Bakıdan qayıdarkən Tiflis aeroportunda jurnalistlərə dediklərini xatırlayırsınız. O vaxt Saakaşvili demişdi ki, Bakıya ikigünlük səfəri zamanı Azərbaycan və Gürcüstanı hansı təhlükələr gözlədiyini yaxşı başa düşüb. Bu gün isə Bakıdan, Cənubi Qafqaz forumundan qayıdan Saakaşvili baş nazir Bidzina İvanişvilidən Gürcüstan hökumətinin Rusiyadan qaz almaq planlarına aydınlıq gətirməsini tələb edib.

Onun sözlərinə görə enerji məsələlərində Rusiyaya ciddi bir alternativ kimi baxmaq Gürcüstanın müstəqilliyinin əsaslı şəkildə yenidən nəzərdən keçirilməsi deməkdir.

“Bakıya səfərimdən əvvəl Gürcüstan hökumətinin nümayəndələri qəribə bir bəyanatla çıxış etdilər. Onların fikrincə Gürcüstan enerji sarıdan daha Azərbaycandan asılı olmamalıdır və Rusiyadan alternativ olaraq qaz alınması məsələsinə ciddi yanaşmalıdır. Onsuzda Ermənistana qazın nəql olunmasında göstərdiyimiz tranzit xidmətinə görə Rusiyadan qaz alırıq, ancaq Rusiyaya enerji baxımından ciddi bir alternativ kimi baxmaq, qazı Azərbaycandan deyil məhz Rusiyadan almaq Gürcüstanın müstəqilliyinin əsaslı şəkildə yenidən nəzərdən keçirilməsinə bərabərdir. Son illər Gürcüstanın qazandığı mühüm uğurlardan biri də enerji baxımından Rusiyadan asılılığa son qoymaq oldu. Şərqi Avropada heç bir ölkə, heç Ukrayna buna nail ola bilməyib.

Və bu gün, Ukraynanın başqa ölkələrdən qaz aldığı, Avropanın Rusiyadan asılı olmamaq üçün yollar axtardığı bir vaxtda Gürcüstanın tamamilə əks istiqamətdə atdığı bu addım ölkəni əvvəlki çətin günlərinə qaytaracaq. Çünki Azərbaycan qazı Rusiya qazından bir neçə dəfə ucuzdur. Həm də ona görə ki, Azərbaycan Gürcüstanın azad, müstəqil olmasının tərəfdarıdır, çünki Gürcüstanın müstəqilliyi öz növbəsində Azərbaycanın müstəqilliyinə, stabilliyinə təminat verir. Ona görə də Azərbaycan öz strateji maraqlarını nəzərə alaraq qazı bizə çox ucuz qiymətə satır.

Rusiya isə qonşuları üzərində nəzarəti ələ keçirmək məqsədi güdür. Rəsmi Moskva bunun üçün öz enerji ocaqlarını istifadə edir. Bunun başqa mənası yoxdur. Baş sındırmağa dəyməz. Əlbəttə ki, bizə alternativ mənbələr də lazımdır. Bunun üçün ən azından Türkmənistan, Qazaxıstan var. Alternativ mənbə nöqteyi-nəzərindən Rusiya bizim üçün yararsızdır. Unutmamalıyıq ki, bizə, rəhbəri yürütdüyümüz siyasəti bəyənməyən bir mənbə lazım deyil ki, şaxtalı bir qış günündə bizi qaranlıqda, soyuqda qoysun.

Əlbəttə ki, biz belə bir ölkədən qaçmalıyıq, buna görə də mən Gürcüstanın baş nazirindən ətraflı izahat gözləyirəm”- deyə Saakaşvili bəyan edib.”

Qeyd etmək lazımdır ki, bu yaxınlarda Gürüstanın “İmedi” tele-şirkəti bəyan edib ki, enerji naziri Kaxi Kaladzenin Gürcüstan tərəfinin Rusiyadan təbii qaz idxalını bərpa edə biləcəyini istisna etmir. Bir sıra gürcü mütəxəssisləri bu ideyanı dəstəkləsələr də, Rusiya qazının 1 min kub metrə görə qiymətinin Azərbaycan qazından 100 dollar baha olduğunu qeyd edirlər.

Qeyd edək ki, Gürcüstanın enerji naziri Kaxi Kaladze artıq Rusiyadan qaz idxalı məsələsinə aydınlıq gətirib.

O, Gürcüstanın Azərbaycanla da əməkdaşlığı davam etdirmək niyyətində olduğunu təsdiq edib. “ Bu gün, Mixeil Saakaşvili Azərbaycan qazından imtina etdiyimizi deməklə yalan danışıb”-deyə enerji naziri xüsusi brifinqdə qeyd edib.

“Əlimizdən gələni edəcəyik ki, təkcə Azərbaycandan yox, bir neçə ölkədən qaz alaq. Biz Bakı ilə əməkdaşlığımızı da davam etdiririk”- Kaladze deyib. O qeyd edib ki, hələlik ancaq gələcək üçün nəzərdə tutulanlar layihə üzərindədir: “ Əlbəttə ki, biz bütün imkanları nəzərdən keçiririk- Həm Türkmənistan ,həm də Qazaxıstanla əməkdaşlıq mümkün ola bilər. Ancaq onu da deyim ki, Qazaxıstanla əməkdaşlığa aparan yollar yenə də Rusiyanın “Qazpromundan” keçir”.

Kaxi Kaladze həmçinin Mixeil Saakaşvilinin “Rusiyanın “zakazını” yerinə yetirilər” ittihamını da təkzib edib. Bildirib ki, Rusiyanın təklif edəcəyi tariflər Gürcüstanı qane etməsə Rəsmi Moskva ilə heç bir müqavilə bağlanılmayacaq.

Nazir Əlavə olaraq deyib ki, hazırda “Qazpromla” heç bir danışıqlar aparılmır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti