Bankların rolunu necə artırmaq olar? - TƏHLİL

Bankların rolunu necə artırmaq olar?  - TƏHLİL
  13 May 2013    Oxunub:2278
Ölkədə kommersiya banklarının təklif etdikləri kredit faizlərinin aşağı salınmasının bir yolu Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən mərkəzi kreditləşdirmənin həcminin artırılmasından keçir. Ona görə ki, sözügedən bankların ümumi kredit portfelində AMB-dən alınan maliyyə resurslarının həcmi ən çox 10-15% olduğundan, qalan vəsaitlərin mənbəyini isə əhalidən cəlb olunan əmanətlər ilə xarici maliyyə qurumlarından alınan borc vəsaitləri təşkil edir.

AMB rəhbərliyi isə mərkəzi kreditləşdirməni artırmaq niyyətində olmadıqlarını deyir. O səbəbdən ki, onların fikrincə, bu, adı çəkilən kreditləşdirmənin məqsəd və vəzifələrinə zidd olmaqla yanaşı, makroiqtisadi sabitlik üçün də mənfi xarakter daşıyır.
Bu fikirdə həqiqət vardır, o mənada ki, mərkəzləşdirilmiş kreditlər qısamüddətli olduğundan əslində, bankların cari likvidliyini təmin etmək, o cümlədən onların ödəmə qabiliyyətini artırmaq məqsədi daşıyır.

Ancaq məsələ bundadır ki, əvvəlki şərhlərimizdə də yazdığımız kimi bankların qeyri-neft sektorunun inkişafında rolunu artırmaq və onların iqtisadiyyatın istənilən sahəsinə sərmayə qoymasına və bunda maraq güdmələrinə nail olmaq üçün tələb edilən amillərdən biri də AMB-in dəstəyinin olmasıdır. Bu isə özündə ilk növbədə, mərkəzi kreditləşdirməni genişləndirməyi və bunun əlverişliyini yüksəltməyi ehtiva edir.

Çünki heç bir bank yalnız istehlak kreditləri verməklə güclü və sağlam maliyyə qurumuna çevrilə bilməz. Onların aktivlərini də bunun hesabına artırmaq absurd sayılır: banklar mütləq, real sektora müvafiq investisiya həyata keçirməlidirlər. Ancaq sual yaranır ki, əhalidən cəlb olunan əmanətlər ilə xarici maliyyə qurumlarından alınan borc vəsaitləri hesabına buna nail olmaq mümkündürmü?

Xarici maliyyə qurumlarından alınan borc vəsaitləri barədə qeyd edək ki, qlobal iqtisadi və maliyyə böhran zamanı (2009-cu ildə) heç bir ölkənin bundan yaxa qutara bilməyəcəyi söylənilsə də bizdə, bəlli olduğu kimi heç bir maliyyə qurumu həmin vaxt iflasa uğramamaqla banklarımızın dünyanın maliyyə qurumlarıyla hər cür inteqrasiyasına rəğmən, onlardan asılı olmadıqları üzə çıxdı.

O ki qaldı əmanətlərə, əhalidən cəlb olunan vəsaitlər üzrə real vəziyyət nə qədər qənaətbəxş olsa da, həmin resursslar üzrə ucuz və uzunmüddətli kredit siyasəti yürütmək mümkün deyil. Deməli, bu səbəbdən də depozitlər üzrə faiz dərəcələrinin aşağı və yaxud yuxarı olmasının kommersiya banklarının müştərilərə təklif etdikləri kreditlərin faiz dərəcələrnə təsiri də mənasız müzakirə obyekti sayılır.

Ona görə də, məsələnin kökündə yenə belə görünür ki, bankların ümumi kredit portfelində AMB-dən alınan vəsaitlərin xüsusi çəkisini artırmaq dayanır. Bunun həlli yolu isə bir neçə istiqamətdən keçsə də, uçot dərəcəsi “onurğa sütununu” təşkil edir.

İş ondadır ki, bizdə uçot dərəcəsi də ölkədə kreditlərin faiz dərəcələrinə təsir etmir və borc vəsaitləri hansı şərtlərlə verilirsə, vəziyyət o cür də qalır.
Bəs, nə etməli?

Mərkəzi kreditləşdirməni artırmaq məqsədəuyğun deyilsə və bu, makroiqtisadi sabitlik üçün təhlükədirsə, bankların qeyri-neft sektorun inkişafında rolunu başqa hansı yolla artırmaq mümkündür?

Məsələ bundadır ki, 2009-cu ildə müvaviq qanunvericiliyə edilən dəyişikliyə əsasən, AMB meqa-tənzimləyici funksiya əldə etdiyindən bu, adı çəkilən quruma ölkədə bank sektoru ilə yanaşı, iqtisadiyyatın real sektorunu da fəal şəkildə dəstəkləməyə yol açdı.

Doğrudur, bu zaman makroiqtisadi sabitliyi qorumaq başlıca məqsəd sayılırdı. Elə ona görə də, AMB iqtisadiyyatın real sektorunu dövlət zəmanətiylə kreditləşdirmə yolu ilə birbaşa maliyyələşdirməyə başladı ki, öncə, Azərbaycan Dövlət Neft Şirkətinə 750 milyon manat, sonra isə “Azəralmünium” SC kimi sistem əhəmiyyətli qurumlara maliyyə dəstəyi həyata keçirildi. Ancaq sonrakı ildə bu, dayandırıldı.

Ümumiyyətlə, AMB-nin qlobal maliyyə və iqtisadi böhran zamanı ölkədə bank sistemində likvidliyi təmin etmək məqsədiylə ünvanlı kreditlər verdiyi, ancaq bütün bunları sonra dayandırdığı yaxşı xatirimizdədir. Halbuki, iqtisadiyyatın real sektorunun inkişafını dəstəkləmək, ümumi daxili məhsul istehsalı həcmində qeyri-neft sahələrinin rolunu artırmaq baxımından, AMB tərəfindən banklar vasitəsilə deyil, birbaşa maliyyələşdirməyə bu gün də ehtiyac var. Çünki iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında bank sisteminin rolu onun real sektorla məhz, nə dərəcədə əlaqədar olması ilə ölçülür.

Bizdə isə bu sahədə vəziyyət qənaətbəxş deyil: banklar iqtitsadiyyatın bütün sahələri - sənaye, kənd təsərrüfatı, hətta İKT ilə belə, sıx əlaqədə fəaliyyət göstərməli olduqları halda, bütün banklar yalnız əhali ilə, başqa sözlə desək, istehlak kreditləri ilə işləyirlər.

Kommersiya banklarının istehlak kreditləri verməsinin qarşısını bilavasitə AMB-nin gücü və yaxud da “müdaxiləsi” yolu ilə almaq və bu sahədə əsas yükü məhz onun üzərinə atmaq isə qətiyyən, düzgün deyil. Odur ki, ya ölkə iqtisadiyyatının real sektorunda risk səviyyəsini azaltmaq yolu ilə istehsal xarakterli sahələrin inkişafı üçün uzunmüddətli kreditlərin yatırımı məqsədilə müvafiq yumşaldıcı tədbirlər mexanizmi hazırlayıb həyata keçirtmək, ya da AMB tərəfindən bankları müvafiq biznes layihələrini maliyyələşdirməyə müvafiq maliyyə və inzibati yollarla, başqa sözlə desək, tələb olunan mexanizm çərçivəsində təhrik siyasətinə keçmək lazımdır.

Çünki, Azərbaycanda iqtisadiyyatın inkişafını dəstəkləmək üçün hazırda əldə çox geniş imkanlar olmaqla, real sektoru maliyyələşdirməyə tələb yüksək səviyyəyə çatmışdır.

Pərviz Heydərov


Teqlər:  





Xəbər lenti