Bakı beynəlxalq konfransa ev sahibliyi edəcək

Bakı beynəlxalq konfransa ev sahibliyi edəcək
  16 May 2013    Oxunub:1527
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik konfransına Bakı ev sahibliyi edəcək.
Mayın 23-24-də Bakıda, Gülüstan sarayında Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransı keçiriləcək.

AzVision.az konfransın yerli təşkilatçısı olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov tədbirlə bağlı bunları bildirib:

İllik Konfrans Parlament Şəbəkəsinin 200-dən artıq parlamentarisini, vətəndaş cəmiyyəti və tərəfdaş təşkilatların rəhbərlərini və Dünya Bankı, BVF və regional inkişaf bankları daxil olmaqla, bir sıra Beynəlxalq Maliyyə İnstitutlarının yüksək vəzifəli rəsmilərini bir yerə toplayan flaqman tədbiridir.

Bakıdakı konfransda iştiraklarını artıq dünyanın 74 ölkəsindən 235 nəfər təsdiq edib. Onların sırasında 4 ölkənin parlamentlərinin spikerləri, 3 vitse-spiker, komitə sədrləri, milli parlamentlərin deputatları, Dünya Bankı və BVF-nun rəhbərliyində təmsil olunan şəxsləri qeyd etmək olar.

Onu da qeyd edim ki, konfransın başlanmasına cəmi bir neçə gün qalmasına baxmayaraq konfransda iştirak etmək istəyənlərin müraciətləri hələ də daxil olmaqdadır. Biz bunu konfransa və Azərbaycana olan maraqla izah edirik.

İllik Konfrans həm üzvlərin illik ümumi iclası, həm də inkişaf konfransıdır. Müxtəlif inkişaf səhmdarları arasında düşünmə və müzakirə üçün canlı vaxt olmaqla, İllik Konfrans növbəti il üçün Şəbəkənin siyasətini müəyyən etmək imkanıdır. İki-üç günlük proqram həvəsləndirici və məlumat xarakterli sessiyalar, eləcə də müzakirə üçün bir çox imkanlardan ibarətdir.

Bu vaxta qədər Şəbəkənin konfransları Haaqa, London, Bern, Afina, Helsinki, Keyptaun, Paris və Brüssel kimi şəhərlərdə keçirilmişdi.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsi 2000-ci ildə təsis edilmiş müstəqil təşkilatdır və 140-dan artıq ölkənin parlamentarilərinə inkişaf məqsədilə əməkdaşlıq sahəsində məsuliyyət və şəffaflığın artırılmasını dəstəkləmək üçün platformanı təmin edir.

Alen Desteks Parlament Şəbəkəsinin hazırki sədridir. 2006-cı ilin yanvarından 2010-cu ilin may ayına qədər o, Belçika Parlamentlərarası Dostluq Qrupu daxilində Avrasiya ikitərəfli bölməsi və regional qrupu və xüsusilə Azərbaycan-Belçika regional qrupunun Prezidenti olub.

Şəbəkə öz beynəlxalq katibliyi, regional və ölkə filialları vasitəsilə Afrika, Asiya, Avropa və Amerikada 1500-dən çox parlamentarini əhatə edir. O, parlamentlər və vətəndaş cəmiyyətinin nəzarət rolunu gücləndirməklə, inkişaf məqsədilə əməkdaşlıq prosesində şəffaflıq və məsuliyyəti artırmağa səy göstərir.

Parlament Şəbəkəsi və Azərbaycan arasında ümumi diqqət mərkəzində olan məsələlərə digər işlərlə bərabər, təbii ehtiyatların idarə edilməsi üzrə şəffaflıq, vətəndaş cəmiyyətində sosial inkişaf və maraq yaratması daxildir. XI İllik Konfrans üçün təklif edilən mövzular qeyri-neft sektorunun inkişafı, hökümət qərarlarında parlamentin iştirakı və yardımın səmərəliliyi mövzularını əhatə edəcək.


Teqlər:





Xəbər lenti