Təkamül keçməyən müəllimlər

Təkamül keçməyən müəllimlər
  14 May 2015    Oxunub:7743
Vüsal Məmmədov

Bu söhbəti artıq neçənci dəfədir eşidirəm ki, Azərbaycan məktəblərində biologiya müəllimləri şagirdlərə Təkamül Təlimini öyrətməkdən imtina edirlər. Ya da elə-belə məlumat verib, sonra deyirlər ki, bunların hamısı boş-boş şeylərdir, insanı da, başqa canlıları da Allah yaradıb, Darvin isə qələt eləyir, onu masonlar öyrədiblər-filan...


Bizim vaxtımızda 9-cu sinifdə “Anatomiya” dərsliyində insanın çoxalmasına və cinsi həyatına aid bölmə var idi, müəllimlər onu keçmirdilər, deyirdilər ki, “özünüz oxuyarsınız”. İndi isə belə məlum olur ki, Təkamül Təlimi də məktəblərdə cinsi həyata bərabər tutulur. Birincini heç olmasa başa düşmək olardı ki, “camaatın anası-bacısı var”, ikincini isə başa düşmək mümkün deyil.

Təkamül Təlimi son 3 əsrdə dünya elminin ən böyük uğurlarından biridir; bu, canlılar aləminin inkişaf prinsiplərini başa düşmək üçün ən mükəmməl və gözəl nəzəriyyədir. Təkamül Təlimi insan ağlının zəfəridir, beynin “zərgər işi”dir, düşüncə tarixində yeni səhifə açan ELMİ nəzəriyyədir. Son 3 əsrdə canlılar ələmindəki çöxnövlüyü və təbiətin inkişafını daha yaxşı izah edən heç bir başqa fikir tapılmayıb və əminəm ki, tapılmayacaq da.

Fizikada Nisbilik Nəzəriyyəsi nədirsə, Biologiyada da Təkamül Təlimi odur. Mən bu nəzirəyyələrin hər ikisinə heyranam, onların necə incə, dərin, lakonik və eyni zamanda qlobal olduğunu düşünəndə hər iki fikir adamının – Eynşteynin də, Darvinin də qarşısında baş əymək istəyirəm. Bu nəzəriyyələr təkcə elm deyil, incəsənətdir, şedevrdir!

Təkamül Təliminin mexanizmləri canlılarla bağlı demək olar ki, bütün suallara qanedici cavablar verir. Məsələn, niyə insanlar dinə inanırlar? Təkamül Təliminin üç mexanizmi olan Təbii Seçmə, İrsiyyət və Dəyişkənlik bunu ideal şəkildə izah edir.

Qədim dövrdə yaşayan iki uşaq təsəvvür edin. Böyüklər onlara deyirlər ki, gecə mağaradan çıxmayın, çünki meşədə pis ruhlar dolaşır. Uşağın biri belə şeylərə inanmayıb və çıxıb, onu yırtıcı heyvanlar parçalaylıblar, nəticədə o realist qırışmalın genləri gələcək nəslə keçə bilməyib. O birisi - böyüklərin bu cür nağıllarına inanan uşaq isə sağ qalıb və genlərini sonrakı nəslə ötürüb. Sonrakı nəsil yenə də oxşar təbii seçimə məruz qalıb və inancız insanların genləri yenə də ələnib. Əsrlərlə bu cür ələnmə gedib, nəticədə dinə inanmağa meyilli insanlar bu gün planetdə çoxluq təşkil edirlər. Hamısı ona görədir ki, neçə milyon ildir kritik düşüncəyə meyilli olan insanlar bioloji mexanizm olan Təbii Seçim tərəfindən çıxdaş olunurlar.

Baxın, mən Təkamül Təliminin köməyilə sizə izah etdim ki, niyə dünyada dindar insanlar çoxdur. Eyni şəkildə milyonlarla başqa suala cavab vermək olur. Niyə insanlar sevirlər? Niyə qadınlar güclü kişiləri seçirlər? Niyə insanlar piylənməyə meyilli olurlar? Niyə kişilərin süd vəziləri var? Niyə insanlar qısqanır? Niyə pis xəbərlərə yaxşı xəbərlərdən daha çox maraq göstəririk? Və sair və ilaxır – bütün bunları Təkamül Nəzəriyyəsinin köməyilə çox ağıllı, elmi və qaneidici şəkildə izah etmək mümkündür. Dindarların isə bütün suallara ancaq bir cavabı var: Allah belə yaradıb.

Hər kəsin inanc azadlığı var. İstəyən lap akula bığına da sitayiş edə bilər. Amma heç bir müəllimin öz inancına görə şagirdə hansısa dərsi keçməmək ixtiyarı yoxdur! Siz bu ölkə üçün vətəndaş yetişdirirsiniz. Təkamül Təlimi – elmdir, onu dünyanın bütün elm ocaqları, akademik dairələri bu cür qəbul edirlər. Siz özünüzünü nə hesab edirsiniz? Hansı haqla onu şagirdə öyrətmirsiniz?

Bir insanın həyatı dərk edə bilməsi üçün Təkamül Təliminin mexanizmlərini anlaması vacibdir. Ona görə də, mən həm valideynlərdən, həm də Təhsil Nazirliyindən xahiş edirəm: elmi özünün dini baxışlarına qurban verən adamların müəllim olmasına imkan verməyin! Bizə Təkamül keçməyən müəllimlər lazım deyil.


Teqlər:  





Xəbər lenti