Neft niyə bahalaşır? – TƏHLİL

Neft niyə bahalaşır? – TƏHLİL
  15 May 2015    Oxunub:5397
Neftin dünya bazar qiymətlərinin son vaxtlar daha çox bahalaşmaya meyl göstərməsi (bir ara hətta 70 dolları keçmək üzrə idi) müxtəlif səbəblərlə izah edilir. Burada şübhəsiz ki, siyasi amillərin də rolu var. Lakin yaddan çıxarılmalı deyil ki, neft hər şeydən öncə bir iqtisadi məhsuldur və onun hasilat xərcləri, daşınma, satış və tələb-təklif kimi tərəfləri var. Qiyməti öncə məhz bu amillər müəyyən edir, siyasi amillər isə bundan “üst hissə”də manevr imkanı yaradır ki, buna da cəmi bir neçə ölkə qadirdir.

Bəs, son günlər nefti bahalaşdıran səbəblər hansılardır? Dünya bazarlarında xam neftin qiymətlərinin ötən ilin iyun ayından etibarən başlanan ucuzlaşması prosesi artıq dayanıb. Belə ki, fevralın ilk həftələri ərzində müxtəlif markalı xam neft qiymətlərinin 50-60 ABŞ dolları arasında rəqs etməyə başlamasi ucuzlaşmanın arxada qaldığını deməyə əsas verdi.

Ümumiyyətlə, neftin keçən ilin iyun ayından bəri ucuzlaşması prosesi göstərdi ki, nə qədər basqı yapılsa da, qiyməti 40 dollardan aşağı salmaq mümkün deyil. Çünki bugünki tələb nöqteyi-nəzərdən “dib nöqtəsi” maksimum 45-50 dollar arası təşkil edir.

Keçən il ərzində ucuzlaşmanın qarşısını almaq məqsədilə istər ayrıca olaraq Səudiyyə Ərəbistanına, istərsə də OPEK-ə nə qədər güclü təzyiqlər göstərildisə də, hasilat azaldılmadı. OPEK-in keçən ilin noyabrın 27-də keçirilən iclasında üzv ölkələrdə hasilatı nisbətən azaltmaq qərarına gəlmək mümkün olsa idi, qiymətlər bu ilin fevralından deyil, keçən ilin sonunda sabitləşəcəkdi.

Məsələ bundadır ki, ucuzlaşmada “marağı” olan, elə bahalaşmağa da səbəbkar olmalı idi. Söhbət ABŞ-dan gedir. Dünyanın bir nömrəli iqtisadi gücü olan ölkə “qara qızılın” ucuzlaşmasından siyasi mənada nə qədər çox dividend götürsə də, mənfi təsirlərindən yaxa qutara bilməzdi. Çünki Birləşmiş Ştatlar nə qədər güclü iqtisadi gücə sahib olsa da, qlobal iqtisadiyyatın bir üzvü sayılır. Və neftin ucuzlaşmasının bu ölkə üçün də bir həddi var.

Hələ fevraldan bəlli idi ki, ABŞ iqtisadiyyatı böhrandan çıxsa da, bərpa prosesi zəifləyib. Ümumiyyətlə, bu ilin I rübündə Amerika iqtisadiyyatı yaxşı start götürməyib. Ona görə ki, güclü dollar zəif istehsal və ixrac deməkdir. Dolların dəyəri isə keçən ilin aprel ayından başlayaraq möhkəmlənir. Tendensiya Federal Ehtiyatlar Sistemi (FES) kəmiyyət yumşaldılması siyasətini dayandırdığını elan etdikdən dərhal sonra start götürdü.

Yeri gəlmişkən, dolların dəyərilə neftin qiyməti arasında tərs mütənasablik mövcuddur: dollar möhkəmlənəndə neft ucuzlaşır, zəiflədikdə isə bahalaşır.

Son məlumata əsasən isə, ABŞ-ın xarici ticarət balansı üzrə defisit nə az, nə çox 51,4 milyard dollara yüksələrək, 2008-ci ilin oktyabr ayındakı səviyyəyə çatıb. Ölkənin Ticarət Departamenti tərəfindən mart ayına görə açıqlanan bu rəqəm fevral ayı ilə müqayisədə 43,1% artıq deməkdir. Ticarət balansında bu cür kəsir tempi Birləşmiş Ştatlarda sonuncu dəfə 1996-cı ildə qeydə alınmışdı.

Odur ki, sözügedən ölkədə cari ilin I rübü ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə artım səviyyəsi 0,2% təşkil edib. Halbuki, bütövlükdə il üzrə 3% artım proqnozlaşdırılıb. 2014-cü ildə isə 2.2 % olmuşdu. Bunun da iki başlıca səbəbi var: birincisi, təkrar edirik ki, dolların möhkəmlənməsi, ikincisi də neftin ucuzlaşması səbəbindən enerji şirkətlərinin investisiyaları məhdudlaşdırmasıdır.

O cümlədən, iqtisadi aktivliyin 2/3 hissəsini müəyyən edən istehlak xərcləri də azalıb. Belə ki, satılmamış amerika məhsulları üzrə ehtiyat demək olar, rekord həddə çatıb. Bu da ancaq və ancaq, dolların dəyərinin möhkəm olması səbəbindən ixrac imkanlarının məhdudlaşması ilə əlaqədar baş verib. Odur ki, beynəlxalq ekspertlər mövcud vəziyyətin tezliklə dəyişəyinə ümid etməyin düzgün olmadığını bəyan edirlər.

Bu yerdə bir məsələyə də toxunmaq istərdik. Neftin qiymətinin yenidən yuxarı qalxması üçün heç bir əsas olmadığını israr edənlər FES-in baza faiz dərəcəsini qaldıracağını söyləyirlər. Məlumat üçün isə qeyd edək ki, FES bu istiqamətdə addım atmamışdan öncə ən çox əmək bazarındakı vəziyyətə diqqət yetirir. Yəni, yeni iş yerlərinin açılıb-açılmaması sahəsində mövcud vəziyyət əsas götürülür ki, istehsal dalana dirəndiyi halda isə yeni iş yerlərinin açılması absur məsələ sayılır. Apreldə isə 200 min yeni iş yerinin açılacağı gözləntisinin fiaskoya uğraması FES-in iyunda dərəcəni artıracağını real saymır.

Neftin qiymətinin 70 dollardan aşağı qalması artıq, Səudiyyə Ərəbistanı üçün də sərfəli deyil. Ər-Riyadın valyuta ehtiyatları son illərə nəzərən ən aşağı səviyyəyə enmişdir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti