Çinlə aramızı vurmağa çalışanlar kimlərdir? – TƏHLİL

Çinlə aramızı vurmağa çalışanlar kimlərdir? – TƏHLİL
  26 May 2015    Oxunub:3465
Rusiyanın “Life news” telekanalı tərəfindən hazırlanmış və hazırda Youtube portalında yer alan bir videosüjetdə qeyd olunur ki, güya Çinin baş naziri Li Keqianq özünün Twitter hesabında ölkəsinin “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınması ilə bağlı qətnamə layihəsi hazırlayaraq, BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyini bildirib.

Süjet müəllifləri belə bir qənaətə gəlirlər ki, Çinin bu addımından sonra nəinki “Dağlıq Qarabağ”, hətta Luqansk və Donetsk daxil olmaqla postsovet məkanında olan digər separatçı respublikaların da müstəqillikləri tanına bilər.

Süjet “Life news” telekanalının materialı kimi təqdim olunsa da, 20 may tarixində Qroznı telekanalında yayımlanıb və Youtube portalına yerləşdirilib. Bu barədə virtualaz.org saytı məlumat verib. Çinin Azərbaycandakı səfirliyindən XİN-ə bildiriblər ki, süjet təxribat xarakteri daşıyır və həqiqətə uyğun deyil.



Araşdırma zamanı məlum olub ki, Çinin baş nazirinin adına bir neçə Twitter hesabı fəaliyyət göstərir. Onlardan biri Li Keqianqın rəsmi hesabı kimi təqdim olunub və burada həqiqətən də Azərbaycanın ərazi bütövlüyünə qarşı separatçı xarakterli bir neçə ismarıclar yerləşdirilib. Məsələn, tvitlərin birində qeyd olunur ki, “Yaxın 2 ildə Fələstin və Dağlıq Qarabağ müstəqillik alacaq”, digərində bildirilir ki, “Ermənistan Çinin kiçik qardaşıdır” və s. (Buradan baxa bilərsiniz).

Çinin Nazirlər Kabinetinin (Çin Xalq Respublikasının Dövlət Konsulluğu) rəsmi internet saytında (https://azvision.az/redirect.php?url=http://english.gov.cn/) baş nazir yaxud ümumilikdə Nazirlər Kabinetinin hansısa twitter hesabı göstərilməyib. Aydın olur ki, ermənilər Çinin baş nazirinin adına saxta profillər yaradaraq bu profillər vasitəsilə Keqianqın adından öz maraqlarına uyğun təxribat xarakterli bəyanatlar paylaşırlar.

Ermənilərin saxtakarlığın ən ucuz formalarından daim yararlandıqları adı hal olsa da Rusiyanın “Life News” telekanalının bununla bağlı sujet hazırlaması və xüsusi şərh verməsi maraq doğurmaya bilməz. Maraq doğuran əsas cəhət isə ermənilərin nəyə görə birdən-birə “nicat yolu”nu məhz Çində görmələridir.

“Life News” telekanalı 2013-cü ildə kabel televiziyası kimi yaradılıb, 2015-ci ildən isə Rusiya teleefirində yayına başlayıb. Kanalın rəsmi internet saytında təsisçi kimi “Media kontent” şirkəti göstərilir. Bu şirkətin təsisçiləri isə erməni əsilli Aram Qabrelyanov və “Surquteks” şirkətidir. Surquteks şirkəti isə əvvələr Rusiyanın ən zəngin iş adamlarından biri, prezident Putinin yaxın dostu Qennadi Timçekoya məxsus olmuş, sonradan onun yaxın biznes tərəfdaşlarına verilmişdir. Ukrayna yəhudisi olan Timçenko Ermənistanın Leninakan rayonunda anadan olub və uşaqlığı burada keçib.

A.Qabrelyan Kreml administrasiyası və Federal Təhlükəsizlik Xidmətinə yaxınlığı ilə seçilir. O, əsasən Rusiyada müxalif siyasətçilərə qarşı ifşaedici yazıları ilə məşhurlaşıb, Krımın ilhaqı prosesində xüsusi fəallıq göstərdiyinə görə isə Putin tərəfindən mükafatlandırılıb. Qabrelyan Kremlin təbliğat fəaliyyətində mühüm rola malik olan şəxslərdən biridir. O, eyni zamanda “İzvestiya” qəzetinə rəhbərlik edir.

Bu məlumatlar Dağlıq Qarabağla bağlı təxribat xarakterli materialın Kremlin sifarişi olması barədə ehtimalların ortaya çıxmasına şərait yaradır.

Lakin nəyə görə məhz Çin?

Söhbət ondan gedir ki, Rusiya Ermənistanın Avrasiya Birliyinə üzvlüyə həvəsləndirmək üçün Yerevanın Pekinlə əlaqələrinin inkişafına dəstək verib. Ermənistan prezidenti Serj Sarkisyan bu ilin mart ayında Boao Forumunda iştirak etmək üçün Çinə dəvət olunub və Çin Xalq Respublikasının sərdri Si Jinping və baş nazir Li Keqianqla görüşüb. Çinin “Sinxua” agentliyinin verdiyi məlumata görə ÇXR-ın sədri ilə görüş zamanı Si Jinping ölkəsinin iqtisadiyyatın müxtəif sahələrində Ermənistanla əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. Jinping Rusiya, Qazaxıstan, Belorusun daxil olduğu Avrasiya İttifaqı ilə Çinin əməkdaşlığının genişlənməsinə Ermənistanın da öz töhvəsini verəcəyinə ümidvar olduğunu qeyd edib.

Çinin rəhbəri ermənistanlı həmkarına deyib ki, II Dünya müharibəsi zamanı çinlilərin yaponlarla mübarizəsində 6 min erməni əsgəri Qızıl Ordu sıralarında yoponlara qarşı çinlilərlə birlikdə mübarizə aparıb. Bu uydurma məlumatı Jinpinqə kimin danışdığını tapmaq o qədər də çətin olmaz.

Hər iki ölkə rəhbərinin qəbul etdiyi birgə bəyamnamədə isə Çin və Ermənistanın valyuta mübadiləsi, insan haqları, BMT-də islahatların aparılması və terrorizmlə mübarizənin gücləndirilməsi sahələrində əməkdaşlığı daha da artıracaqları qeyd olunur.

Demək “Life News” –un hazırladığı süjet ilk baxışda hər nə qədər ağlagəlməz görünsə də, əslində ermənilərin Çinin beynəlxalq dəstəyinə ümidlənmələrinə əsas var. Bu əsası verən bənd isə, iki ölkənin “BMT-də islahat aparmaq” istəklərini bəyan etmələridir.

Azərbaycanla Çinin münasibətləri hazırda kifayət qədər qənaətbəxş hesab oluna bilər. Prezident İlham Əliyev keçən il Çinin sədri Si Jinping ilə görüş keçirib və iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub. Eyni zamanda Çin rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Güman etmək olar ki, Rusiya Azərbaycanın Vyetnamla münasibətlərini inkişaf etdirməsindən narazıdır. Vyetnam zəngin neft ehtiyatlarına malik olan ölkədir və hasilat əvvəllər Rusiyanın şirkətləri ilə birgə həayata keçirilirdi. Çinlə Vyetnam isə mübahisəli adalarla əlaqədar olaraq münaqişə vəziyyətindədir. İqtisadi səbəblər üzündən Pekinlə yaxınlaşmalı olan Moskva, Vyetnamdan çıxmalı oldu. Bundan isə Azərbaycan məharətlə istifadə etdi. Üstəlik Azərbaycanın müəllifi olduğu TANAP layihəsinə Türkmənistan qazının qoşulma perspektivi Pekini ucuz qaz mənbəyindən məhrum edir.

Məhz buna görə Moskva Çinin Azərbaycana qarşı mənfi mövqe sərgiləməsinə çalışır və bundan digər məsələlərdə, məsələn elə Riqa Sammiti ilə bağlı da təzyiq vasitəsi kimi istifadə edir.

Tofiq Əsgərov
Azvision.az üçün



Teqlər:





Xəbər lenti