Mikayıl Cabbarovun məktəbində “Son zəng” - FOTOLAR

Mikayıl Cabbarovun məktəbində “Son zəng” - FOTOLAR
  31 May 2013    Oxunub:7946
“Həyatda bizim övladlarımıza verə biləcəyimiz ən böyük nemət ən yaxşı təhsildir. Çünki yaxşı təhsilin əldə edilməsi gələcək həyatda hər bir uşaq üçün istənilən mirasdan zəngin və dəyərlidir”

Bu gün 31 may - növbəti dərs ilinin başa çatdığı gündür. 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərinin XI sinfini 91.484 nəfər şagird bitirir. Bunlardan 22 minə yaxını Bakı məktəblərinin payına düşür

Bu gün AzVision.az-ın əməkdaşları Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 200 saylı orta məktəbdə keçirilən “Son zəng” tədbirinə qatılıblar. Səhərdən etibarən məzunlarla bərabər, onları bu əlamətdar gündə tək qoymayan valideynləri də məktəbin qarşısında toplaşıb. Tədbiri məzunlar üçün əlamətdar edən digər bir səbəb təhsil naziri Mikayıl Cabbarovun bu günü onlarla birlikdə keçirməsi olub. Məktəb kollektivinin sözlərinə görə, Mikayıl Cabbarov 7-ci sinifə qədər məhz bu məktəbdə təhsil alıb.

Tədbir dövlət himninin səsləndirilməsi və bayrağımızın meydana gətirilməsi ilə başlayıb. Məktəb direktoru Qafar Hüseynov bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bu günün məzunların həyatında çox mühüm olduğunu deyib.“Həyatda bizim övladlarımıza verə biləcəyimiz ən böyük nemət ən yaxşı təhsildir. Çünki yaxşı təhsilin əldə edilməsi gələcək həyatda hər bir uşaq üçün istənilən mirasdan zəngin və dəyərlidir”.

Nazir bildirib ki, bu gün sevincli olduğu qədər, bir az da kədər hissi oyadan gündür.

“Hər birimiz şagird olarkən fikirləşmişik ki, biz nə zaman məktəbi bitirəcəyik. Əslində bu həyatımızın böyük bir mərhələsinin başa çatdırılması və ilk mərhələnin uğurla başa vurulduğu gündür. Ona görə bir çoxlarınız üçün kədərli ola bilər ki, 11 il gəldiyiniz və sizə doğma olan məktəb, müəllimlər, dostlar və mühitlə vidalaşmaq günü çatıb. Amma siz bununla müstəqil həyata qədəm qoyursunuz. Siz çox xoşbəxtsiniz ki, müstəqil Azərbaycan Respublikasının vətəndaşları və məzunlarısınız. Siz bu məktəbdə olan zaman burada gedən təmir və məktəbinizin yenilənməsi təhsil üçün hər bir şəraitin yaradılması, dövlət başçısı, Azərbaycan hökuməti tərəfindən təhsil sahəsinə olan qayğının göstəricisidir. Yəqin ki, gələcək həyatınızda hər biriniz müxtəlif ali təhsil ocaqlarında təhsil almağınızı fikirləşirsiniz. Bu imtahanlarda sizə uğurlar arzu edirəm. İçərinizdə özünü hər hansı bir peşə üçün hazırlayanlar olduğunu inanıram və bu çox mühüm məsələdir. Əminəm ki, sizin hər biriniz qarşınıza qoyduğunuz məqsədə nail olmaq iqtidarındasınız”.

Təhsil naziri müəllimləri və valideynləri də ürəkdən təbrik edib. Onun sözlərinə görə, hər birimizin yetişməsində,məzun olmasında müəllimlərimizin çox böyük və əvəzsiz rolu var.

“Ümumiyyətlə həyata bir məktəb kimi baxsaq, yəqin ki, birinci və ən önəmli məktəbimiz orta məktəb olur. Hər bir Azərbaycan müəlliminə öz təşəkkürümü bildirirəm. Bu gün hər bir azərbaycanlı müəlliminin bayramıdır. Bununla bərabər, valideynlərə təşəkkür edirəm ki, müasir Azərbaycan oğul və qızlarını yetişdirirsiz. Təhsil nazirliyi olaraq biz gələcəkdə valideynlərin özlərinin məktəblərin özünüidarə edilməsində rolunun artıracayıq. İnanıram ki, məzunlarımızın həyatında çox böyük nailiyyətlər olacaq. Məzunların hər birinə uğurlar arzu edirəm”.

Çıxışlardan sonra məzunlar “Son zəng” gününü qeyd etməyə, mahnılar oxuyub, rəqs etməyə, bu yaddaqalan günü daha da yaddaqalan etməyə çalışdılar.

Anar Kəlbiyev

Fotolar: Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti