İŞİD adını dəyişdi: təhlükə artır - TƏHLİL

İŞİD adını dəyişdi: təhlükə artır - TƏHLİL
  03 İyun 2015    Oxunub:4661
İŞİD-ə (İraq Şam İslam Dövləti) qarşı beynəlxalq səviyyəli genişmiqyaslı mübarizə aparılsa da, bu, terror təşkilatının təsir gücünün artması və fəaliyyət dairəsinin genişlənməsinə mane olmur. Əksinə, əgər əvvəl İŞİD-in əsas məqsədi adında göstərildiyi kimi İraq və Suriya ərazilərində vahid islam dövləti yaratmaq idisə, artıq təşkilat İD (İslam Dövləti) adını qəbul edərək daha geniş coğrafiyada dini dövlət qurmaq iddiasındadır.

İD-nin nümayəndələri artıq Yəməndə peyda olur və Səudiyyə Ərəbistanını özünə düşmən elan edir, amma nədənsə Səudiyyə Ərəbistanında şiələri partladır. İD-nin “islam dövlətinin yaranması uğrunda növbəti mübarizə yeri” isə Əfqanıstan, hətta Orta Asiyanın post-sovet müsəlman respublikaları ola bilər.

İD təşkilatının konkret geosiyasi və regional dövlətlərin dəstəyilə yaradıldığını və yönləndirildiyini əminliklə söyləmək olar. Çünki qısa müddətdə kənar dəstək olmadan bu tip güclü təşkilatın silahlanması üçün maddi təminatın əldə edilməsi mümkünsüzdür.

İŞID-ın Yaxın Şərqdəki ümumi fəaliyyətini hansı dövlətlərin maraqlarına daha yaxın olması baxımından təhlil etsək, belə qənaətə gəlmək olar ki, burada daha çox Amerika başda olmaqla Qərb, Səudiyyə Ərəbistanı və Türkiyənin regional və geosiyasi məqsədlərinə uyğun fəaliyyət həyata keçirilir. Məsələn, terrorçuların Suriyadakı kürd yaşayış məntəqələrinə hücumu PKK-çılar üçün yeni çağırış idi və onların silahlı mübarizəni Türkiyədən Suriyaya keçirmələrinə səbəb oldu. Yaxud, İŞID-ın İraq və Suriyada şiə hakimiyyətə qarşı mübarizə aparması illərdir Bəşər Əsədi devirməyə çalışan sünni koalisiyası və ABŞ üçün lazımi anda yetişmiş köməkdir. Bundan əlavə, İslam dövlətçiləri nədənsə Yəməndə yeni prezidenti incitməyə başladılar və ölkə rəhbəri dünya ictimayyətini – yəni Səudiyyə Ərəbistanını yardıma çağırmalı oldu və s.

Artıq keçən ildən etibarən Əfqanıstandakı talibanların İD-yə qoşulması, təşkilatın bu ölkədə özəyinin yaradılması barədə məlumatlar yayılır. Əfqanıstan isə Orta Asiyanın Türkmənistan, Özbəkistan və Tacikistan kimi respublikaları ilə həmsərhəddir.

Orta Asiya respublikalarında əhalinin İslam Dövləti ideyalarına müsbət yanaşması və və fəal şəkildə təşkilatın sıralarına qoşulması müşahidə olunur. Hər bir respublika rəsmi olaraq öz ölkələrindən orta hesabla 300-dən artıq vətəndaşın İD sıralarına qoşulduğunu etiraf edir. Qeyri rəsmi məlumatlara görə isə, hər bir Orta Asiya respublikasında 2 min-4 min arası vətəndaş İŞİD-ın sıralarında xidmət edir. Onlar əsasən ölkədən Rusiyada işləmək adı ilə çıxır, Rusiyadan isə Suriya, yaxud İraqa yollanır. Rusiyada iqtisadi sanksiyalar ucbatından əhalinin gəlir səviyyəsinin aşağı düşməsi İD-ə qoşulan orta asiyalı müsəlmanların sayının artmasına səbəb olub. Eyni zamanda, Rusiyanın Şimali Qafqaz regionundan da islamçılara qoşulanların sayı artıb.

Əhalinin İD-ə qoşulmağa meyl etməsinin səbəbləri kimi isə Tacikistan istista olmaqla Orta Asiya və Şimali Qafqazda sünnilik təriqətinin daha geniş yayılması, əhalinin daha çox qazanc əldə etmək istəyi və yerli avtoritar hakimiyyətlərə qarşı ümumi narazılıq faktorlarını gətirmək olar.
Təhlükə ondan ibarətdir ki, İŞİD-ə qoşulmuş həmin vətəndaşlar yenidən öz ölkələrinə qayıdaraq bu dəfə vətənlərində İslam Dövləti qurmaq iddiasına düşə bilərlər.

Maraqlıdır ki, İslam Dövləti təhlükəsi barədə ilk olaraq dövlət rəhbərləri özləri açıqlama verirlər. Bu ilin may ayında Vaşinqtona səfər edən Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay Konqresdə çıxışı zamanı bildirib ki, İŞİD Əfqanıstanın müxtəlif bölgələrinə silahlıları yerləşdirib və onlar Orta Asiyaya böyük təhlükə mənbəyidir. Onun sözlərinə görə İŞİD terroçularının Əfqanıstanın şimalında olması və onların Özbəkistan İslam Hərəkatı və digər bu kimi təşkilatlarla birləşmə ehtimalı qonşu Orta Asiya da daxil olmaqla bütün regionda sabitliyi poza bilər.

Bundan sonra ABŞ dövlət katibinin müavini Entoni Blinken Dövlət Departamentinin Orta Asiya ilə bağlı yeni siyasi baxışını açıqlayıb. Diplomat bildirib ki, təhlükəsizlik sahəsində əmkdaşlıqla bağlı ABŞ üçün əsas iş Əfqanıstandır. Orta Asiyanın beş ölkəsi – Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan ABŞ-ın Əfqanıstandakı fəaliyyətinə köməkçi olacaqlar və Amerika bu ölkələrə müvafiq maliyyə yardımı göstərəcək. Blinken ABŞ hərbi qüvvələrinin daha əvvəl planlaşdırıldığı kimi Əfqanıstandan çıxarılmayacağını və 9800 bölüyün bu ölkədə qalacağını söyləyib.

Britaniyanın Beynəlxalq Əlaqələr üzrə Kral İnstitutunun “Orta Asiya respublikalarında post-sovet radikallaşma mifi” adlandırılan hesabatında qeyd olunur ki, region hökumətləri İŞID təhlükəsini qəsdən şişirdirlər.
Türkmənistan prezidenti də ölkəsində təhlükəsizliyin təmin olunması üçün Amerikaya müraciət edib və Vaşinqtondan müsbət cavab alıb.

Ssenari təxminən Yeməndəki kimidir. Prezidentlər özləri təhlükədən xəbər veri və Amerika onları qorumaq üçün yardıma gəlir. Beləliklə İŞİD təhlükəsi Amerikanın Orta Asiyaya hərbi qüvvələrini yerləşdirməsi üçün bəhanə rolunu oynayır.

Bu, o deməkdir ki, yaxın vaxtlarda Rusiyanın cənub sərhədlərində, həmçinin Rusiyanın Şimali Qafqaz regionunda İslam Dövləti təşkilatının vasitəsilə qarşıdurmalar baş verə bilər. Amerika ilk növbədə Türkmənistanı müdafiə etməklə Transxəzər qaz kəmərinin çəkilməsinə şərait yaradacaq.
Rusiya istər-istəməz hərbi münaqişəyə cəlb olunacaq çünki Qırğızıstan və Tacikistanda bu ölkənin hərbi bazaları mövcuddur. Üstəgəl İŞİD-in Şimali Qafqaza keçməsi Rusiya üçün ölümcül zərbə olacaq.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti