Banklarımız birləşsin, amma xaricilər olmadan – TƏHLİL

Banklarımız birləşsin, amma xaricilər olmadan – TƏHLİL
  03 İyun 2015    Oxunub:2737
Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin Dövlət İdarəçiliyi, Maliyyə və Ticarət sektorunun direktoru Betty Uilkinson Azərbaycanda bankların konsolidasiyasını zəruri saydığını deyib. Onun fikrincə, ölkəmizin iqtisadiyyatının miqyasına görə 45 bank çoxdur. O deyib ki, birinci növbədə mövcud bank sektorunda idarəetmə sisteminin necə təşkil olunmasına və bankların maliyyələşmə mənbələrinə baxmaq lazımdır.

“O cümlədən, onların müştəri bazası və strateji inkişafını da nəzərdən keçirtmək lazımdır ki, yalnız bundan sonra kiçik banklar böyükləri ilə birləşdirilə bilsin”, – deyə B. Uilkinson bildirib. O, eyni zamanda əlavə edib ki, bankların konsolidasiyası normal prosesdir və bu, dünyanın bir çox ölkələrində həyata keçirilib.

Bu ideya ilk dəfə deyil irəli sürülür. Ölkəmizdə bankların sayının çox olduğu və bəzilərini birləşdirməyin vacib sayıldığı xarici maliyyə qurumları tərəfindən yalnız AİB tərəfindən söylənilməyib. Bundan bir neçə il öncə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi də bunun vacib olduğu bəyan etmişdi.

Ancaq bu istiqamətdə demək olar, heç bir fakt qeydə alınmayıb və müvafiq addımlar atılmayıb. Halbuki, ötən şərhimizdə də yazmışdıq ki, AMB manatın dəyərini ucuzlaşdırdıqdan sonra bankların fəailiyyətində “yenidən yüklənmə” vəziyyəti yaranıb ki, bununla əlaqədar olaraq da banklara dəstək məqsədilə AMB bir sıra zəruri addımlar atıb. Belə ki, bu onların bəziləri sıradan çıxa bilərdi.

Banklara belə anda ciddi dəstək vacib idi və AMB də bunu həyata keçirdi. Ancaq bununla belə, ölkədə 2-si dövlətin iştirak payı olmaqla fəaliyyət göstərən 45 bankın düz 13-ü cari ilin I rübü ərzində fəaliyyətini zərərlə başa vurub. O səbəbdən ki, fevralın 21-i tarixindəki korrektədən sonra bankların fəailiyyətində “yenidən yüklənmə” yaranıb. Belə anda isə onlara ciddi dəstək məqsədilə AMB əlindən gələni etsə də, müəyyən mənfi tendensiyalar yenə özünü göstərdi və bu, proses hələ davam edir.

Düzdür, AMB-in hesabatına əsasən, 2015-ci ilin martın sonuna ölkədə bank sektorunun aktivlərinin həcmi 28,85 milyard manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrünə görə 34,7 % çoxdur. Ölkə banklarının aktivinin çox hissəsini – 66,2%-i, yəni 19,09 milyard manat həcmlə müştərilərə verilən kreditlər, 2,55 milyard manat investisiyalar, 2,38 milyard manat isə müxbir hesablarındakı vəsait təşkil edib. Digər aktivlər isə 2,3 milyard təşkil edib ki, banklar tərəfindən maliyyə sektoruna verdiyi kredit və depozitlər isə 1,4 milyard manat səviyyəsində olub.

Passiv vəsaitlər strukturunda 43,14% əmanətlər təşkil edib ki, bu da 12,45 milyard manat deməkdir. Maliyyə sektorundan əldə olunan kredit və depozit məbləğləri isə 10,37 milyard manat, yəni 35,9% olub. Ümumiyyətlə, ölkənin bank sektorunun kapitallaşma səviyyəsi mart ayı ərzində 2,9% artaraq, 4,23 milyard manat təşkil edib ki, bu da illik hesablamaya görə onun 24,4% artdığı demək olub.

Təkrar edirik: AMB bankların normal fəaliyyət göstərmələri üçün “əlindən gələni” edib və bunu davam etdirir. Elə AMB-nin nəzdində fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondu tərəfindən fevralın 24-dən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsi səviyyəsinin 9-dan 12%-ə qaldırılması da buna bir nümunə idi. Bu, olduqca məqsədəuyğun addım idi. Çünki bir tərəfdən manatın korrektəsi, digər tərəfdən 2015-ci ildən banklardakı əmanətlərdən gəlirlərə verginin tədbiqi qorunan depozitlər üzrə faiz dərəcələrinin qaldırılmasını vacib sayırdı.

Martda ölkədə depozit və əmanətlər üzrə orta faiz dərəcəsinin fevrala nisbətən artaraq, manatla illik 8,99, xarici valyutadasa 8,75% təşkil etməsi özü də bunun nəticəsi idi. Çünki bu, həm banklardan vəsaitlərin çəkilməsinin qarşısını almağa, ikincisi real şəraitdə vəsaitlərin yenidən yerləşdirilməsinə əlavə stimul yaratmaq məqsədilə edildi.

Bununla belə, bank sektorunda həm kreditləşdirmə sahəsində, həm verilən kreditlər üzrə geri ödənişdə, həm də xidmət səviyyəsində ciddi çətinliklər və problemlər hökm sürür. AMB-in məlumatına əsasən 2015-ci il aprel ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayrılıb ki, verilən kreditlərin həcmi keçən ilin anoloji dövrü ilə müqayisədə 29,8% artıb, problemli kreditlərin həcmi isə 1 milyard 213 milyon 321,7 min manata çatıb. Bu da ümumi kredit portfelinin təxminən 5,9%-ni təşkil edib. Məlumat üçün qeyd edək ki, 2015-ci il fevralın 1-nə problemli kreditlərin həcmi 1 milyard 030 milyon 893,1 manat, martın 1-nə isə 1 milyard 138 milyon 211,6 min təşkil edib.

Yerli ekspertlərin də əksəriyyəti ölkədə sistem əhəmiyyətli bankların maksimum 25-30 sayda təşkil etdiyini deyirlər. Bundan əlavə, sektorda əsas problemin bankların universal olmağa və sferada geniş spektrda fəailiyyət göstərməyə çalışdıqlarına baxmayaraq, ixtisaslaşma səviyyəsinin aşağı olduğu qeyd edilir. Bu məsələdə isə yalnız xarici təcrübədən istifadə etmək olar. Ancaq iş ondadır ki, bu özü də konsolidasayiya gəlib çıxmağa sövq edir. Bu dəfə müvafiq xarici maliyyə qurumlarının bilavasitə özü ilə...

Bu sahədə Avropa Yenidənqurma və İnkişaş Bankının (AYİB) müvafiq iştirakı ilə təcrübə var. Belə ki, hazırkı Unibank 2002-ci ildə iki kommersiya bankının – Mbank ilə Promtexbankın birləşməsi nəticəsində yaranıb ki, AYİB burada 15%, DEG alman investisiya korporasiyası isə 8,3333% iştirak payına sahibdirlər. Bunun ardınca isə 2005-ci ildə Bank of Baku ilə İlkBank birləşdi.

AYİB cari ilin mayında Azərbaycanda bu və ya digər banklar birləşəcəyi halda yenə onların kapitalında iştiraka hazır olduğunu bildirib. Buradan sual yaranır ki, olmaya ölkəmizdə bankların konsolidasiyasını vacib sayan AYİB də bu istəyə çatmaq məqsədi güdür?

B. Uilkinson Asiya bankının Azərbaycanda bankların birləşəcəyi halda iştirak edə biləcəyəni hələ ki nəzərdən keçirmədiyini və bu zaman müəyyən paya sahib olmaq kimi plana malik olmadığını bəyan edib. Lakin əlavə edib ki, əgər, belə müraciət daxil olarsa, məsələyə baxılacaq.

“Xoruzun quyruğu” əyani görünür. Belə ki, banklar birləşəcəyi təqdirdə iqtisadi nöqteyi-nəzərdən sırf öz vəsaitləri hesabına addım atsalar, yaxşıdı. Bank sektorunda xarici kapitalın iştirakı məqbul və məsləhətdir. Lakin bu sahədə müəyyən limit var və yaxud olmalıdır. Bizcə, ölkəmizin bank sektorunda rəqabətqabiliyyətliliyi artırmaq məqsədilə bu sahədə bir az da geniş imkanlar yaratmaq mümkündür və bəlkə də vacibdir.

Lakin bankların konsolidasiya məsələsində bilavasitə xarici maliyyə qurumlarının kapital payına sahib olmaları məsələsində məhdudiyyət olmalıdır. Başqa sözlə desək, hansı banklar birləşmək istəyirsə, birləşsin! Amma xaricilərin iştirakı olmadan...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti