CNN ABŞ təbliğatının `dəyənəyinə` çevrilir - TƏHLİL

CNN ABŞ təbliğatının `dəyənəyinə` çevrilir - TƏHLİL
  18 İyun 2015    Oxunub:3078
Çoxları hesab edir ki, ciddi KİV öz reputasiyalarına önəm verdikləri üçün materiallarında yalandan uzaq dururlar. Təəssüflər olsun ki, bu, həqiqətə uyğun deyil. Piar və təbliğat – ABŞ biznes və dövlət xüsusi xidmət orqanlarının KİV-ə nəzarət etməsi və maliyyləşdirməsinin başlıca səbəbləridir. ABŞ-da böyük biznes tamamilə hakimiyyətlə həmrəydir. Ona görə də, bir qayda olaraq, KİV hökumətin xarici siyasət üzrə addımlarını dəstəkləyir.

Məsələn, Amerika Administrasiyasının ruporu olan `CNN` teleşirkəti lazım gələndə həvəslə saxtakarlığa gedir. Görünür saxtalaşdırma və çirkli təbliğatın növbəti qurbanı bizim ölkəmiz olub.

Çünki CNN yaxın vaxtlarda Azərbaycanda insan haqları ilə bağlı xüsusi reportaj yayımlayacaq. Reportajın müəllifi kanalın aparıcı jurnalistlərindən biri Kristian Amanpurdur. Reportajında Amanpur Avropa Oyunlarının görünməyən tərəfi barədə danışaraq, guya Azərbaycanda insan haqq və azadlıqlarının pozulması, həmçinin buna qarşı etiraz edən şəxslərin talelərinə diqqəti çəkir.

Heç kimə sirr deyil ki, bu və ya digər ölkələrdə insan haqları problemlərilə manipulyasiyalar çoxdan ABŞ xarici siyasətinin əsas hissəsinə çevrilib. Müstəqil xarici siyasət yürüdən Azərbaycan da, həmçinin ABŞ dairələrinin tənqidinə məruz qalıb. Təəccüblü deyil ki, Vaşinqton `CNN` timsalında bizə qarşı öz ağır artilleriyasını irəli sürür. Bu kanal da Qərb KİV-nin Azərbaycana qarşı çirkli kampaniyasına qoşulub.

Bu gün bir şey aydın şəkildə görünür ki, ABŞ KİV-i heç vaxt ABŞ hökumətinin mövqeyinə etiraz etməyə belə cəhd etmir. Faktik olaraq, ABŞ KİV-i Təbliğat Nazirliyinə çevrilib. İlkin olaraq kanal xəbərləri yalanlardan təmizləmək üçün yaradılmışdı. Lakin bu gün, nə qədər paradoksal olsa belə, CNN etibarlığın ikinci yerdə olduğu bir KİV-ə çevrilib. CNN bu sistemdə qlobal təbliğat funksiyasını yerinə yetirir.

CNN-in informasiyalarını təhlil edərkən biz onların təhrif edildiyini, bəzən isə tamamilə yalan olduğunu görürük. CNN yeni konsepsiyasında, informasiya biliklərin əldə olunması aləti kimi öz əhəmiyyətini itirərək tədricən yunan faciəsini xatırladan tamaşaya çevrilir. Bu tamaşada diktatorlar və jurnalistlər isə antik xor rolunu oynayırlar.

1990-cu ildə dövlət katibi Ceyms Beyker ictimaiyyəti İraqda müharibənin vacibliyinə inandırmaq üçün dəridən-qabıqdan çıxırdı. Həmin vaxt ictimaiyyətlə əlaqələr üzrə agentlik olan CNN şayiə yaydı ki, guya İraq əsgərləri Küveytdə doğum evlərində vaxtından əvvəl doğulan uşaqlar üçün nəzərdə tutulan güvəc aparatlarını oğurlayıblar, nəticədə isə 300-dən çox körpə ölüb. Beynəlxalq Amnistiya təşkilatının hesabatı da bu şayiəni təsdiqlədi.

ABŞ Konqresində bununla bağlı ictimai dinləmələr keçirilirdi. Bu dinləmələri “CNN” telekanalı birbaşa efirdə yaylımlayırdı, daha sonra isə bu görüntülər bütün dünyanı dolaşırdı. Gənc tibb bacısı anonimliyin saxlamaq şərti hıçqıra-hıçqıra bu cinayətlər barədə danışırdı. Ata Buş Administrasiyası bu tamaşa vasitəsilə yalnız parlamenti deyil, dünya birliyini aldatmaq istəyirdi.

Eyni şey ABŞ dövlət katibi Kolin Pauel BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı da baş verdi. Həmin vaxt dövlət katibi bəyan etdi ki, o, İraqın bakterioloji silah istehsalı ilə bağlı sübutlara (peykdən çəkilən fotolar) malikdir. Həmin vaxt CNN birbaşa efirdə Pauelin çıxışını bütün dünyaya yayımlayırdı. Pauel teletamaşaçılara fotolardakı `sübutu` yox, içərisində Sibir xorası olan kolbanı göstərir. Onun çıxışı Təhlükəsizlik Şurasının üzvlərinə yox, məhz tamaşaçılara ünvanlanmışdı.

2001-ci ildə Əfqanıstan kampaniyası zamanı isə “CNN” Vaşinqtondakı havadarları vasitəsilə sadəcə “Əl-Cəzirə” telekanalını alternativ informasiya vermək hüququndan məhrum etdi.

Bu günlərdə “CNN” jurnalistləri öz coğrafiya bilikləri ilə hamını heyrətləndirdilər. Ukrayna ilə bağlı xəbərlə əlaqədar göstərilən xəritədə bu ölkə Rusiya ərazisi kimi təqdim olunub. Bu fakt Ukraynadakı vəziyyətdən danışan və tez-tez ekranda göstərilən infoqrafikaya müraciət edən aparıcı Con Vozu heç utandırmadı da. Xəritədə Rusiya və Ukrayna bir rənglə göstərilirdi, onların ümumi ərazisində isə Rusiya bayrağı yerləşdirilmişdi.

Təsadüfü deyil ki, dünyada heç kim “CNN” telekanalının doğruluğuna inanmır. Amerikansayağı söz azadlığı - `CNN` aparıcılarının efirdə təbliğat ştampları səsləndirmələdir. Onlara jurnalistika fəaliyyətində etdikləri `günahları` göstərdikdə isə onlar dərhal tənqidçilərin ağızlarını bağlamağa çalışırlar. Bu işdə xüsusilə telejurnalist Kristina Amanpur fəal şəkildə seçilir. O, 1998-ci ildə həmin vaxt ABŞ Dövlət Departamentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Ceyms Rubinlə ailə həyatı qurmaqla `Dövlət Departameni ilə qohum olub`.

Son zamanlar biz ABŞ təbliğat sisteminin nəzarətsiz formada inkişafının şahidi olduq. Bu prosesdə əsas alət CNN telekanalı oldu. Dünyada CNN görüntülərini birbaşa efirdə yayımlayan gündəlik informasiya kanallarının sayının artması CNN effektini gücləndirdi və televiziya tamaşaçılarını daha həssas edib.

Bundan sonra bu kanal Vaşinqtonla ayrılmaz şəkildə bağlıdır, onun mümkün rəqibləri isə ABŞ ordusunun hücumlarına məruz qalırlar. Fasiləsiz informasiya ictimai rəyin psixoloji emalının yeni metodu olub.

Zaur Rəsulzadə
Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti