Kölndə Qafqaz axşamı

Kölndə Qafqaz axşamı
  04 İyun 2013    Oxunub:2130
Mayın 31-də Almaniyanın Köln şəhərində Azərbaycan Tələbə Şəbəkəsi (ASN) tərəfindən Azərbaycan və Gürcüstan mədəniyyətini Avropaya tanıtmaq məqsədilə musiqili-mədəni tədbir təşkil edilib.


“Azərbaycan - Gürcü Mədəniyyət Axşamı: Qafqaz regionuna mədəni bir baxış” adlanan tədbiri açan ASN-nin Almaniya Şimali Vestfaliya Əyaləti üzrə nümayəndəsi Elvin Cəbrayılov qonaqları salamlamış və onlara tədbirdə iştirak etdiklərinə görə ASN adından minnətdarlığını bildirib. Gürcüstan Respublikasının Almaniyadakı Konsulu Cənab Giorgi Tabatadzenin də qatıldığı mədəni gecədə sonradan söz alan ASN-nin baş katibi Zaur Heydarov qonaqları şəbəkənin yaradılma səbəbləri və fəaliyyət istiqamətləri ilə tanış edib.



Tamara Burdulinin rəhbərlik etdiyi gürcü rəqs qrupunun möhtəşəm qədim gürcü rəqsləri ilə başlayan mədəni hissə Elvin Cəbrayılov və Şeyda İsmayılovanın ifasında Azərbaycanın milli “Naz eləmə” rəqsi ilə davam etdirilib.



Dünyanın dörd bir yanından qatılan dörd yüzdən çox insanın heyranlıqla seyr etdiyi səhnə çıxışlarının arasında Toğrul Hüseynlinin piano ifasını (“Qaytağı”), Nigar Əzizova və Günay Əliyevanın milli duet ifalarını (“Poppuri”), Fidan Məmmədovanın piano ifasını (“Alagözlüm”) və Vuqar və Baxşəli Bayramov qardaşlarının klarnet və balaban ifalarını (“Sarı Gəlin”) qeyd etmək mümkündür.



Gürcü və Azərbaycan mətbəxinin də bəzədiyi musiqili-mədəni tədbirin sonunda xarici qonaqlar belə möhtəşəm və yaddaqalan tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, xüsusən də ASN-ə öz təşəkkürlərini bildiriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti