Emin Hüseynova qoyulan mayanı CNN batırdı – TƏHLİL

Emin Hüseynova qoyulan mayanı CNN batırdı – TƏHLİL
  22 İyun 2015    Oxunub:34842
...2 il əvvəl Amerikanın CNN kanalının təbliğat yalanlarına etiraz etmək üçün Ankaranın meri Melih Gökçek «Twitter»də #stoplyingCNN haştaqı yaratmışdı. Məqsəd bu kanalın Gəzi Parkından verdiyi reportajlardakı qərəzli təbliğata etiraz etmək idi.

#stoplyingCNN haştaqı o zaman «Twitter»də əsas trendlərdən birinə çevrilmişdi ki, bu da əlbəttə, təsadüfi deyildi: kanalın ABŞ-ın xarici siyasətinə dəstək olmaq üçün verdiyi yalan xəbərlər dünyada çoxlarını hiddətləndirir. CNN heç bir kompleks keçirmədən, çox asanlıqla ağa qara deyə bilir. Məsələn, Ərdoğanın keçirdiyi mitinqə gələn insanları hökumət əleyhinə aksiyanın iştirakçıları kimi təqdim etməyə nə ad vermək olar?



2013-cü il aprelin 1-də CNN-in keçmiş əməkdaşı Ember Lion (Amber Lyon) etiraf etmişdi ki, kanal ondan sifarişli xəbər yaymasını istəyir. Bunun səbəbini kanalın rəhbərliyindən soruşanda isə cavab belə olub ki, “ABŞ rəhbərliyinin istədiyi budur”. Ember Lion bunun üçün CNN-in ABŞ rəhbərliyindən böyük pullar aldığını da açıqlamışdı. Onun sözlərinə görə, CNN də daxil olmaqla əksər KİV-lərin verdiyi informasiyalar məhz Dövlət Departamenti tərəfindən müəyyən edilir.

Bu gün CNN-in daha çox nə: Kütləvi İnformasiya Vasitəsi, yoxsa ABŞ adminstrasiyasının təbliğat vasitəsi olduğunu demək çətindir. Dövlət Departamentinə nə lazımdırsa, CNN də onu `təşkil edəcək`. Bu kanalın Suriyadakı reportyoru Denni Dayemin yalan xəbər verdiyini ifşa edən məşhur videoda olduğu kimi. Həmin videoda Denni Dayemin CNN-lə canlı əlaqə yaratmamışdan əvvəl yanındakılara silahdan atəş açmağı tapşırır ki, canlı bağlantı zamanı atəş səsləri eşidilsin. Özü sakit bir yerdə dayanan “reportyor” canlı əlaqə zamanı son iki saatda yüzlərlə adamın öldüyünü bildirir. Bu Denni Dayem o adamdır ki, Amerika kanalları tərəfindən Suriyada olan `qəhrəman jurnalist` kimi təqdim edilir və hər reportajında Suriyaya beynəlxalq hərbi müdaxilə çağırışı edirdi.



ABŞ mediasının iş prinsipi budur: yox yerdən qəhrəman yaratmaq və onu özlərinə lazım olan tərzdə danışdırmaq. Belə qəhrəmanlardan birini də CNN ötən həftənin sonunda Azərbaycan üçün yaradıb: artıq Azərbaycan vətəndaşı belə olmayan Emin Hüseynov. O adam ki, yeganə qəhrəmanlığı aldığı 1.5 milyon dollardan çox qrantın vergisini ödəmədiyi üçün son 10 ayda İsveçrə səfirliyində gizlənməkdən ibarətdir.

Normal halda CNN Emin Hüseynovu nəinki canlı efirinə qoşmaz, hətta kandarına da buraxmazdı. Hər nə olsa da, CNN - qlobal telekanaldır, Emin Hüseynovu isə heç Azərbaycanda düz-əməlli tanıyan yoxdur. Amma indi iş elə gətirib ki, Azərbaycan hökumətininin əleyhinə danışdırmaq üçün “qəhrəman” tapıb efirə çıxarmaq lazım gəlib və əllərinə düşən də Emin olub. “Yoxa lənət” deyib, Tülküdənqorxan Əhmədi İsveçrədən canlı yayıma bağlayıblar. Bununla da ABŞ təbliğatı CNN-in şəxsində ən ciddi səhvlərindən birini edib.

Emin Hüseynov sifətindən qorxarlıq və tərəddüd tökülə-tökülə, çaşqın bir halda efirə çıxıb, axsaq ingilis dilində nə özünü müdafiə edə, nə də Azərbaycan hökumətinin əleyhinə ciddi bir arqument səsləndirə bildi. Ona sual verilir ki, Avropa Oyunları qabağı Azərbaycan hökuməti niyə belə mənfi halları göstərir, axı məntiqlə, ancaq yaxşı məqamları göstərməyə çalışmalıdır. Emin isə cavab verir: “Bunu hökumətin özündən soruşsanız yaxşı olar”. Ay-hay, axı CNN-in və onu idarə edən Dövlət Departamentinin istədiyi və gözlədiyi cavab bu deyildi! Buna deyirlər “mayanı batırmaq”.



Kadrda Emin arxası İsveçrə Hökumət Sarayına tərəf oturub. Yəni simvolik olaraq göstərilir ki, arxasında kimlər durub. Amma buna baxmayaraq, üzündə qorxmuş uşağın ifadəsi, gözləri dolmuş halda doluxsunub və hətta özünü müdafiə edə bilmir. İstər-istəməz sual yaranır: Departamentin rəsmi Bakıya qarşı qoyduğu fiqur budurmu? Başqa heç kimi tapmadılar? Gənclər və idman naziri Azad Rəhimov bir cümləsi ilə (təbii ki, onu efirə çox vermədilər) Eminin bütün danışdıqlarını darmadağın etdi.



Emin Hüseynovun söz azadlığından danışması isə ən azı qəribə idi. Onun kiçik qardaşı Mehman Hüseynov çox əxlaqsız şəkildə guya media fəaliyyətilə məşğuldur, amma faktik olaraq xəbər yaymaq adı ilə informasiya təxribatçılığı edir, sosial şəbəkədə özünü xuliqan kimi aparır, söyüş söyür... Və ölkədə söz azadlığı yoxdur? İki qardaşdan böyüyünü dövşan, kiçiyini isə tazı kimi işlətmək hər halda, ABŞ-ın bu işləri kurasiya edən məmurlarının ciddi səhvidir.

CNN ilə bağlı məsələ aydındır. İsraildə sinaqoq partladılanda bunu məscidin partladılması kimi qələmə verən kanaldan hər şey gözləmək olar (Bu fakta hətta İsrailin xarici işlər naziri də etiraz eləmişdi). Bu kanal hətta zərrə qədər çəkinmədən, məsələn, Avropa Oyunlarının açılışına gələnləri göstərərək, Azərbaycanda mitinqə çıxanlar kimi təqdim edə bilər. Və əksinə: mitinq zamanı “Məhsul” stadionunu göstərərək, deyər ki, bu, Avropa Oyunlarının atletizm yarışıdır.



Amma əslində CNN bu dəfə özü də istəmədən Azərbaycana xidmət edib. Çünki Azərbaycandakı “5-ci kalon”un təmsilçilərinin qlobal kanalların efrinə çıxışı həmişə olmur. Nadir hallarda ələ düşən bir şans idi, o da belə getdi...

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti