Avropa Oyunları diplomatiyası – TƏHLİL

Avropa Oyunları diplomatiyası – TƏHLİL
  23 İyun 2015    Oxunub:3811
1-ci Avropa Oyunları möhtəşəm açılış mərasimi və idmançılarımızın qələbələri ilə yanaşı, mürəkkəb geosiyasi vəziyyətdə prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə hesablanmış diplomatik gedişlərinə həm şahidlik etdi, həm də vasitə oldu.

Rusiya ilə Qərbin münasibətlərinin kəskinləşməsi, qondarma erməni soyqırımı məsələsilə Ankaranın Moskvadan incik düşməsi, ardınca hakim Ədalət və İnkişaf partiyasının seçkidə istədiyi nəticəni əldə etməməklə Ərdoğanın siyasi gücünün zəifləməsi fonunda TANAP-ın reallaşmasına kölgə salacaq müxtəlif rəylər və Rusiyanın Azərbaycana qarşı təzyiq göstərməsi ilə bağlı məlumatların yayıldı. Yaranmış vəziyyətdə, gosiyasi oyunların mərkəzində olan Azərbaycanın dövlət başçısı İlham Əliyev bu düyündən nəinki itki ilə çıxmalı, hətta milli maraqları təmin etməklə dövlətin prioritet məsələlərinin həllində üstünlük qazanmalı idi.

Azərbaycanın geosiyasi maraqların mərkəzində olmasının səbəbi sadədir: Avropa Rusiyanın enerji asılılığından çıxmaq üçün enerji mənbələrinin diversifikasiyasını həyata keçirir və buna görə Cənub enerji dəhlizinin reallaşmasını istəyir. Hansı ki, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropaya qaz nəqlini həyata keçirəcək. Gələcəkdə Türkmənistanın Transxəzər kəməri ilə bu xəttə qoşulması, eyni zamanda İranın da adıçəkilən layihə vasitəsilə öz qazını Avropaya ixrac etməsi nəzərdə tutulur. Aydın məsələdir ki, Rusiya Qərbə yeganə təsir vasitəsinin əlindən çıxmasını istəmir və odur ki, adıçəkilən layihənin reallaşması yumşaq desək, heç də Kremlin ürəyincə deyildi. Ancaq eyni zamanda Kreml layihənin reallaşmasına əngəl də ola bilmirdi.

Azərbaycan və Qərb üçün ən təhlükəli variant Moskvanın əlində iqtisadi-siyasi təsir rıçaqlarının tükənməsi yaxud olmaması səbəbindən ənənəvi üsuluna - yəni silahlı müdaxiləyə əl atması ola bilərdi. Beləliklə, prezident İlham Əliyev Azərbaycanla yanaşı paralel olaraq Qərbin enerji təhlükəsizliyini təmin edəcək layihəni gözlənilməz zərbədən qorumalı idi. Bu, o deməkdir ki, Avropanın taleyi məhz Bakıda həll olunacaqdı.

Putinin Bakı səfəri zamanı Ərdoğanla dialoqunda jurnalistlərin diqqətindən yayınmayan “Türkiyə AB-yə üzvlüyə namizəd dövlət kimi bütün Avropanı təmsil edə bilər” replikası əslində reallığı əks etdirir. Çünki enerji layihəsinin mərkəzində Azərbaycan dayanırsa, qazın Avropaya giriş nöqtəsi Türkiyədəndir və qaz kranının sahibi də, demək ki, Ankaradır. Lakin Moskvanın Ankara ilə münasibətlərini “soyqırım” soyutduğuna görə, Bakının vasitəçiliyi və Avropa Oyunları kimi əlamətdar hadisə Putin üçün Ərdoğanla barışmağa əvəzolunmaz şans yaratdı. Putinin dövlət müstəqilliyi günündə Bakıya səfər etməsi görüşün Moskva üçün nə dərəcədə əhəmiyyətli olmasının göstəricisidir.

Güman etmək olar ki, Azərbaycan prezidenti bilərəkdən Avropa Birliyinin məlum Riqa sammitində iştirak etmədi və bununla Rusiyaya göstərdi ki, Bakının Brüsellə münasibətləri sırf iqtisadi maraqlar üçündür və bu əlaqələrdə Rusiyaya qarşı strateji birlik qurma kimi məqsədlər dayanmır. Bu ona görə vacibdir ki, Ukrayna hadisələrindən sonra Moskva Brüssellə əməkdaşlığa can atan dövlətləri özünün düşməni qismində görür. Təbii ki, İlham Əliyevin bu addımı avropalı liderlərin narazılığı ilə qarşılandı və bunun ardınca məlum anti-Azərbaycan kampaniyasına start verildi. Nəticə olaraq Avropanın əsas liderləri 1-ci Avropa Oyunlarının açılış mərasiminə gəlmədilər. Prinsip etibarilə, avropalıların gözləniləndən artıq anti-Azərbaycançılığı Bakı üçün Moskvaya öz məlum mövqeyini sübut etməkdə yardım etdi.

Avropa Oyunlarının açılışında baş tutan görüş uzun müddət aparılan işlərin nöqtəsini qoymaq üçün hesablanmışdı və yayılan son məlumatlar göstərir ki, Azərbaycan,Türkiyə və Rusiya liderlərinin arasında həmin görüşdə müəyyən razılıq əldə olunub.

Məsələn, SOCAR-ın vitse prezidenti Elşad Nəsirov bildirib ki, Azərbaycan gələcəkdə öz yataqlarından əlavə qaz həcmlərinin nəqli üçün “Türk axını”nın davamı kimi onun qaz nəqli gücündən Avropa ərazisində istifadə edə bilər. Nəsirovun sözlərinə görə, Cənub qaz dəhlizi ilə “Türk axını” rəqib deyil çünki bizim 25 illik qaz həcmimiz artıq satılıb, gələcəkdə isə Azərbaycanda qaz istehsalının həcmi artdıqca, əlavə boru xəttinə ehtiyac yaranacaq.

Kremlə yaxınlığı ilə seçilən politoloq, Siyasi tədqiqatlar institutunun direktoru Sergey Markov isə km.ru saytına müsahibəsində bildirib ki, “Ola bilər, “Türk axını” siyasi səbəblərdən bloklansın. TANAP qaz nəqli layihəsinə qoşulmaq olar. Yəni, borunu TANAP-ın keçdiyi Türkiyə ərazisinə qədər uzatmaq olar. Hesab edirəm ki, Rusiya, Azərbaycan və Türkiyə bunu müştərək edə bilərlər. Əlbəttə hər şeyi hesablamaq lazımdır amma hər halda bizim belə bir üstünlüyümüz var”.

Bundan əlavə, Markov Azərbaycan, Türkiyə və Rusiya yaxınlaşmasından və Avropanın buna qarşı olmasından danışıb.

Qeyd olunanlar onu deməyə əsas verir ki, Avropa Rusiyaya öz qazını Türkiyə vasitəsilə ixrac etmək üçün qaz kəməri çəkməsinə icazə verməsə də, Rusiya TANAP-a qoşulmaqla bunu həyata keçirə biləcək. Beləliklə, Azərbaycan Türkiyə ilə birlikdə Rusiyanın Avropanın cənubuna enerji nəql etməsinə şərait yaratdı.

Eyni zamanda məlum olub ki, Səudiyyə Ərəbistanının İnvestisiya Fondu Rusiyaya 10 milyard investisiya qoyuluşu ilə bağlı Rusiyanın anoloji qurumu ilə razılaşma imzalayıb. Qeyd edək ki, Putin uzun zamandır Səudiyyə Ərəbistanı ilə yaxınlaşmağa çalışır, lakin Ər-Riyad Moskvanın Suriya məsələsindəki mövqeyi və İranla hərbi əməkdaşlığına görə bu yaxınlaşmaya skeptik yanaşırdı.

Səudiyyə kral ailəsi ilə yaxın münasibətləri olan Ərdoğanın bu mənada Rusiyanın xeyrinə vasitəçiliyi tamamilə labüddür. Üstəgəl, prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının koalisiya toplayaraq Yəmənə hücumunun ən gərgin düvründə bu ölkəyə səfər etməsi təsirsiz ötüşməyib və təsadüfi hesab oluna bilməz. Həmin məqamda Azərbaycan rəhbərinin bu ölkəyə səfəri mühüm dəstək jesti kimi qəbul oluna bilər. Odur ki, prezident Əliyevin də, ərəbləri Rusiyaya investisiyaya təşviq eməsi mümkündür.

Təbii ki, Türkiyə ilə Azərbaycanın Rusiyaya göstərdiyi xidmətlər təmənnasız deyil və bunun müqabilində Putindən Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərməsi ilə bağlı razılığın əldə olunması mümkündür. Odur ki, yaxın vaxtlarda bu istiqamətdə real irəliləyişin olması gözlənilir.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti