Alın yazısı yox, əlin yazısı – Beyninizi format edin

Alın yazısı yox, əlin yazısı – Beyninizi format edin
  23 İyun 2015    Oxunub:11050
Zemfira Məmmədqızı, Yaşam koçu
Xüsusi olaraq AzVision.az üçün


NLP və Koçluqla bağlı ötən yazıda folklorumuzdakı neqativ yüklü atalar sözlərinin, təlqinlərin pozitivlərlə əvəzlənməsinin zəruriliyindən yazmışdım . İndi isə standartlarımızı dəyişməyin, limitlərdən xilas olmağın faydasından başlamaq istəyirəm.

Elə buradaca sizdən başımıza gələn hər şeyi alın yazısı, qədər kimi qəbul etməmək kimi bir ricam olacaq. Alın yazısına deyil, əlin yazısına, qədərə deyil, verdiyimiz qərarlara inanacağıq. “Yazıya pozu yoxdur”sa, o yazını özümüz istədiyimiz və arzuladığımız kimi yazmalıyıq. Həyatımızın ssenaristi də özümüzük, rejissoru da. Bu məsuliyyəti dərk edib bəhanələr aramadan hədəflərimizi bəlirləmək və ona doğru inamla addımlamaq lazımdır.

Səhər-axşam ətrafımızda “çörəyi daşdan çıxanlar”ın şikayətlərini eşidirik. Sizsə çörəyi başdan – ideyalardan, layihələrdən, yeniliklərdən çıxaranlardan olun.

NLP-nin əsas tədqiqat sahələrindən biri insanların beyin xəritəsidir. Bu xəritə biz doğulandan ölənədək bizimlə bərabər formalaşır və dəyişir. Azərbaycanlı insanın beyninə yerləşdiirilmiş “adam ac olar, kişi olar” qəlibi bizim xəritəmizi göstərir. Dünyanın siyasi xəritəsində böyük dəyişiklikər edilirsə, biz niyə kiçik xəritəmizdə korrektələr etməyək?

Soitiro Hondanın, Ferruço Lambargininin, polkovnik Sandersin həyat hekayələri Sizə bir az uzaq keçmiş kimi gələ bilər. Bu günümüzün yeni gənc qəhrəmanı var. Avtomobil biznesi ilə az-çox maraqlananlar tanıyar - Ərbakan Malkoç. Ali təhsili olmayan, 10 yaşında hər iki valideynini itirən, həmin yaşdan emalatxanalarda ustaların qapazları altında böyüyən milyonçu gənc. Bu yaxınlarda Türkiyədə keçirilən beynəxalq avtomobil sərgisində onun hazırladığı “komanda ilə işləyən avtomobil” əsas müzakirə mövzularından biri idi.

Ya da başqa bir əfsanə: Çox nadir bir irsi xəstəlik nəticəsində dünyaya əlsiz və ayaqsız gəlmiş avstraliyalı Nik Vujicic. Bütün əzaları üstündə olan insanlara motivasiya seminarları keçən, xeyriyyəçiliklə məşğul olan, kitablar yazan, film çəkən xoşbəxt bir gənc. “Palaza bürünüb ellə sürünməkdənsə” fərqli olduğumuzun fərqinə varmalıyıq. Yeri gəlmişkən, hər iki gənclə bağlı Youtube-dakı videoları izləmək məsləhətdir.

M.Qorki məşhur hekayəsində “sürünmək üçün doğulanlar uça bilməzlər” deyirdi. Məncə, çox yanlış hökmdür. Bunun yanlışlığının sübutu Qorkinin öz həyatıdır. “Həyatın dibi”ndə doğulan və “Özgə qapılarında” böyüməklə universitet keçən biri ədəbiyyat səmasında çox yüksəklərə uçdu. Proletar və partiya ədəbiyyatı olsa belə. Həyatın ümüdinə qalsaydı və öz yazdığına inansaydı o da uçmamalıydı...

Bir neçə il öncə ABŞ həbsxanalarındakı gənclərin keçmişini araşdıran xüsusi layihələr ortalığa marqlı nəticələr çıxarmışdı. Məhbus gənclərin 85 faizi məktəbdə, ailədə “sənin gələcəyin türmədir” deyilənlər idi. Bunu deyənlər uzaqgörənlər idimi? Təbii ki, xeyr. Onlar bu gənclərin beyninə uğursuzluq proqramını yazanlar idi.

Ətrafımızda beynimizi, dilimizi belə proqramlarla sabotə edən müəllimlərin, valideynlərin, qohumların sayı-hesabı yoxdur. Onların bütün neqativlərini zibil yeşiyinə boşaldıb, beyninizi yenidən format etmək, sizə uğur gətirəcək proqramlar yükləməyiniz lazımdır. Motivasiyanızı artıracaq, çərçivələrinizi dəyişəcək hekayələr oxuyun, uğur hekayələri. Onda görəcəksiniz ki, pozitiv insanlar fəlakəti də fürsət kimi görür.

* * *

İndi də “Koçluq nədir” sualının cavabı: “Fransız mənşəli olduğu söylənilən “coach” sözünün ilkin mənası “araba”, ekipaj, qoşqu deməkdir. “Kouçinq” - araba ilə nəyisə daşımaq, yəni köçürmək mənasını verir. Zamanımızda daha çox məşqçi, təlimçi anlamında işlənən “koç” un birbaşa türk mənşəli “köç” sözü ilə əlaqəli olduğunu, rus dilindəki “kuçer” sözünün də burdan götürüldüyünü iddia eləsəm, dilçilər məni qınamaz, yəqin. Koçlar da insanları “köçürməklə” məşğuldur - bir ruh halından başqasına - hədəflərinin, məqsədlərinin yanına.

Koçluğun təriflərində də belə yazılıb: “məqsəd insanın inkişafına, dəyişiminə kömək etmə, onu fərqli mövqeyə gətirməkdir”.


Teqlər:  





Xəbər lenti