AŞPA sədrinin erməni komandası – DOSYE, FOTOLAR

AŞPA sədrinin erməni komandası – DOSYE, FOTOLAR
  03 İyul 2015    Oxunub:31749
Avropa Şurası Parlament Assambleyasının sonuncu iclasında qəbul olunan qətnamədən Dağlıq Qarabağın işğalı ilə bağlı ifadənin çıxarılması Azərbaycanda təkcə hiddət yox, həm də sual doğurmuşdu: Niyə? Bu addımın atılmasına kimlər təsir ediblər?

İclasdan bir gün qabaq yayımlanan maraqlı foto həmin suallara cavab verir.

Bir şəklin tarixçəsi

Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brassör
2015-ci il 22 iyun tarixində, AŞPA-nın yay sessiyasının açılışı günündə “twitter” sosial şəbəkəsində Azərbaycana qarşı kəskin mövqeyilə seçilən bir sıra beynəlxalq təşkilatların nümayəndələri və azərbaycanlı mühacirlər ilə şəklini paylaşıb.

Şəkildə Ann Brassörün yanında olan şəxslər bunlardır: “Amnesty International” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Con Dalhuysen,
“Human Rights Watch” təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Qiorqi Qoqia, İnsan Hüquqları Evi Şəbəkəsinin Cenevrə Ofisinin rəhbəri Florian İrminqer, İnsan Hüquqları üzrə Helsinki Fondunun əməkdaşı Dominika Buşavska-Siniarska, Leyla və Arif yunusların qızı Dinara Yunus, Beynəlxalq Mediaya Dəstək Təşkilatının proqram rəhbəri Gülnarə Axundova və “Azadlıq” radiosunun əməkdaşı Kənan Əliyevdir (Kazımoğlu) .

Dediyimiz kimi, şəkil Assambleyanın Strasburqdakı binasında Azərbaycan üzrə dinləmələrin keçirilməsindən bir gün əvvəl çəkilib. Dinləmələrdən öncə AŞPA sədrinin bu ermənipərəst insanlarla görüşməsi bir gün sonra Assambleyanın Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən Dağlıq Qarabağın işğalı ilə bağlı ifadənin çıxarılmasının təsadüfi olmadığını və bu işin AŞPA sədri səviyyəsində təşkil edildiyini bir daha təsdiq edir.



AŞPA-dakı mənbələrdən əldə etdiyimiz məlumata görə, dinləmələr öncəsi Ann Brassör şəkildəki şəxslərdən biri - Dinara Yunusla görüşüb. AŞPA sədri ona vəd verib ki, valideynləri Leyla və Arif Yunusun, həmçinin İntiqam Əliyevin, Xədicə İsmayılın, Rəsul Cəfərovun və digərlərinin adları mütləq Azərbaycanla bağlı qətnaməyə daxil ediləcək; eyni zamanda, “Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin Ermənistan tərəfindən işğalı” ifadəsi qətnamədən çıxarılacaq.

Kimdir bu adamlar?

Şəkildə Brassörün ətrafında olan şəxsləri tanıyanlar tanıyır, tanımayanlar üçün deyək ki, onlar AŞPA-da Azərbaycan əleyhinə həyata keçirilən kampaniyada qeyri-hökumət sektorunu müntəzəm olaraq təmsil edirlər. 2014-cü il 2 oktyabrında AŞPA-nın payız sessiyası dövründə Strasburqda keçirilmiş “Azərbaycanda görünməyən repressiyalar” adlı dinləmələrdə əsas məruzəçilər Gülnarə Axundova, Qiorqi Qoqia və Florian İrminqer idilər...

Ümumiyyətlə, birmənalı şəkildə demək olar ki, Ann Brasörün AŞPA-da sədrliyi dövründə erməni agenturasının Assambleyada Azərbaycan əleyhinə maneəsiz fəaliyyəti üçün tam şərait yaradılıb. Bu da təsadüfi deyil: Bu ilin aprel ayının əvvəlində Ann Brasör Yerevana səfəri zamanı “erməni soyqırımı”nı tanıyan bəyanat vermişdi. AŞPA sədrinə yaraşmayacaq bu jest onun ermənilərə rəğbətinin bir daha nümayişi idi.

“Twitter” səhifəsində Gürcüstan və Ermənistanın dövlət rəsmilərilə şəkillərini məmnuniyyətlə paylaşan Ann Brasörün əsas “azərbaycanlı” qonaqları adətən Rəsmi Bakının əleyhinə fəaliyyət göstərən ermənipərəst şəxslər olur. Niyə “ermənipərəst”?.. Yaxşı, siz deyin: “erməni genosidi”ni tanıdığını etiraf etməklə ermənilərə olan simpatiyasını gizlətməyən bir admla Azərbaycana qarşı işbirliyi quranlar başqa necə adlana bilərlər?

Yaxından tanış olaq

Şəkildə Ann Brassörün yanında olan şəxslərdən biri “Amnesty International” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Con Dalhuysendir. 2001-2006-cı illərdə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının xüsusi müşaviri olub.



Onun şəxsi həyatı ilə bağlı maraqlı məlumatlar mövcuddur. Dalhuysenin atasının yaxın dostu mənşəcə erməni olub və o, Conun tərbiyəsində birbaşa iştirak edib. Dalhuysen bunu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyini ona çatdırmaq istəyənlərə cavab olaraq özü etiraf etmişdi. Demişdi ki, münaqişə ilə bağlı Azərbaycan tərəfinin heç bir arqumentinə inanmayacaq, çünki, uşaqlıqdan erməni tərəfinin mövqeyilə tanışdır.

Bu yaxınlarda Con Dalhuysen “Amnesty International” təşkilatının nümayəndəsi kimi qaçqın və miqrantların hüquqları ilə bağlı araşdırma aparmaq üçün Mərakeşə getmək istəsə də, “ictimai qaydalara təhlükə yaratdığı üçün” ölkədən deportasiya edilmişdi.
Maraqlıdır ki, Dalhuysen təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru olsa da, rəhbərlik etdiyi ofisin kurasiyasında olmayan bir ölkədə - Mərakeşdə araşdırma aparmaq istəmişdir...

Şəkildə digər şəxs “Human Rights Watch” təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Qiorqi Qoqiadır. Macarıstanda Mərkəzi Avropa Universitetini bitirib. 2014-cü ilin 12 noyabrında yazdığı bir məqalədə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrlik dövrünü “quruma və onun müdafiə etdiyi hər bir dəyərə təhqir” (!) olduğunu qeyd etmişdi.

Qoqiya təşkilatın Cənubi Qafqaz üzrə nümayəndəsi olsa da, fəaliyyətini demək olar ki, ancaq Azərbaycanın tənqidinə həsr edib. Xüsusilə Leyla Yunusun həbsilə bağlı Azərbaycan əleyhinə ən kəskin bəyanatları səsləndirənlərdən biri də odur. Bu təsadüfi deyil: adətən, beynəlxalq təşkilatların və xarici media qurumlarının Gürcüstan üzrə nümayəndələri gürcüləşmiş ermənilər olurlar. “Amnesty International” təşkilatının Gürcüstandakı nümayəndəsi Natalya Nozadze və “Reuters” agentliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Marqarita Antidze məhz gürcü familyası qəbul etmiş ermənilərdir və bu insanların fəaliyyətində Azərbaycanın əsas hədəfə çevrilməsində bu amil əsas rol oynayır.



Gürcü mənbələrdən aldığımız məlumata görə, Qiorqi Qoqianın da anası ermənidir və onun Azərbaycana qarşı tutduğu mövqe, Yunusları müdafiə etməsi ilk növbədə bununla bağlıdır.

Leyla və Arif yunusların qızı Dinara Yunusa gəlincə, heç kim üçün sirr deyil ki, onun ata tərəfdən nənəsi erməni Arşaluys Barseqyan olub; ata tərəfdən babası da erməni ailəsində tərbiyə alıb. Ann Brasör müntəzəm olaraq Dinara Yunusu Strasburqda qəbul edir və Yunusların işi, onların vəkillərinin fəaliyyətilə bağlı daim sərt bəyanatlar verməklə hökumətə təzyiq etməyə çalışır.



Hazırda Dinara Yunus Qərbi Avropada Azərbaycana qarşı əsas təbliğat aparan şəxslərdəndir. Bu ilin may ayında o, amerikalı Rebekka Vinsent ilə birgə Brüsseldə Avropa Parlamentinin qarşısında Azərbaycan əleyhinə aksiya təşkil etmişdi. Fəaliyyəti əsasən Norveçin “İnsan Hüquqları Evi”, “Demokratiyaya Yardım üzrə Avropa Fondu (EED)”, İrlandiyanın “Frontline Defenders” hüquq-müdafiə təşkilatı tərəfindən maliyyələşdirilir.





Şəkildəki digər şəxs İnsan Hüquqları Evi Şəbəkəsinin Cenevrə Ofisinin rəhbəri Florian İrminqerdir. Dediyimiz kimi, kimi “İnsan Hüquqları Evi” Dinaranın fəaliyyətini maliyyələşdirən əsas təşkilatlardan biridir. İrminqer Azərbaycana qarşı daim kəskin mövqeyi ilə seçilir.
İnsan Hüquqları Evi Şəbəkəsi 2014-cü ilin noyabr-dekabr aylarında Azərbaycanın Böyük Britaniya, Belçika, Polşa, Ukrayna, Çexiyadakı səfirlikləri, həmçinin Londonda Beynəlxalq Olimpiya Komitəsinin binası qarşısında keçirilmiş Azərbaycanda “siyasi məhbuslar” mövzusunda silsilə xarakterli aksiyaların əsas koordinatorlarından biri olub.

Şəkildəki digər şəxs - Dominika Buşavska-Siniarskadır. İnsan Hüquqları üzrə Helsinki Fondunda çalışır. Azərbaycanın müxalif yönümlü QHT-ləri ilə sıx əlaqələri var. Tez-tez ekspert qismində İntiqam Əliyevin Bakıda keçirdiyi seminarlara dəvət olunurdu. Leyla Yunusla yaxın münasibətləri var.
Leyla Yunusun səhhətinin müayinəsi üçün Bakıya gəlmiş Almaniyanın “Charite” klinikasının professoru Kristian Vittin obyektiv rəy verməsindən sonra Dominika ona qarşı da təzyiq kampaniyasının əsas təşkilatçılarından olub.

Şəkildəki digər şəxs “Azadlıq” radiosunun əməkdaşı Kənan Əliyevdir (Kazımoğlu). Vaşinqtonda Azərbaycan əleyhinə təşkil edilən dinləmələrin fəal və daimi iştirakçılarındandır. Milli lider Heydər Əliyev əslən Naxçıvandan olan Kənanın əcdadlarını yaxşı tanıyırdı və onlara vaxtilə çox köməyi dəymişdi. Vaşinqtona səfərlərinin birində Heydər Əliyev Kənan Əliyevə bunu xatırladaraq, onu hələ gənc olduğu, aldadıla biləcəyini demişdi. Və Kənana Azərbaycan dövlətinə sadiq olmasını, Vətənə qarşı fəaliyyətdən çəkinməsini tövsiyə etmişdi. Lakin ABŞ-ın Milli Demokratiya İnstitutunun sabiq direktoru Nelson Letskinin qılıncının altından keçən, özündən yaşca kifayət qədər böyük Joanna Levensonun “əri” Kənan Əliyev artıq anlamışı ki, Vətəni satmaq çox gəlirli işdir. Eyni zamanda, Kənana qarşı kəşfiyyat orqanlarının malik olduğunu kompromat da onun düz yola qayıtmasını mümkünsüz edirdi...

Şəkildəki növbəti şəxs Gülnarə Axundova Beynəlxalq Mediaya Dəstək Təşkilatının proqram rəhbəridir. İsveçrəyə qaçmış Emin Hüseynova yaxın insandır və bir müddət RATİ-də çalışıb. O da ermənipərəst komandanın aktiv üzvüdür.

Yəqin, Azərbaycana qarşı işləyən komandanın necə formalaşdırıldığı və kimlərdən ibarət olduğu indi hamıya aydın oldu. Bu insanlardan ibarət qrupdan başqa nə gözləmək olar ki?!..

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti