Mərkəzi Bank uçot dərəcəsini azaltmalıdır – TƏHLİL

Mərkəzi Bank uçot dərəcəsini azaltmalıdır – TƏHLİL
  03 İyul 2015    Oxunub:3684
Kommersiya bankları tərəfindən kreditlərləşdirmə əsasən, 3 mənbə hesabına – Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ayrılan, xarici maliyyə qurumlarından alınan və bir də əhalidən cəlb olunan əmanətlər üzrə resurslar hesabına həyata keçirilir. Bunların sırasında isə ən böyük ağırlıq məhz sonuncunun üzərinə düşür.

Bunun da heç də müsbət amil olmadığı özünü bir neçə istiqamətdə göstərmiş və kredit təklifində daha çox əhalidən cəlb edilən əmanətlərin həcminə söykənmənin effektsiz xarakter daşıdığı əyani görünüb.

Təsadüfi deyil ki, əhali tərəfindən banklardakı əmanətlərin strukturunun məlum səbəblərə görə kəskin şəkildə dəyişdirilməsi kredit təklifinin məhdudlaşması və manatla kredit verilməsinin dayandırılması ilə nəticələnib.

2015-ci il mayın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının ümumi həcmi təxminən 20 milyard 595 milyon 500 min manat təşkil edib ki, bu da aprelin əvvəlinə görə 3 milyard 6 milyon 800 min manat və ya 0,1 % az olub. Azalmanın 2 milyard 6 milyon 800 min manatı dövlət, 4 milyard 1 milyon 100 min manatı özəl banklar üzrə qeydə alınıb. Qeyri-bank kredit təşkilatları üzrə 31,1 milyon manat həcmində artım əldə olunub. Sözümüz bunda deyil.

Azalma martdan başlayıb. Yanvarda və fevralda ümumi kredit qoyuluşunda artım müşahidə olunsa da, martda vəziyyət dəyişdi. Apreldə yuxarıda göstərdiyimiz rəqəmlərə əsasən isə azalma bir az da sürətlənib. Səbəb də aydındır: bir tərəfdər AMB-in fevral ayının 21-i tarixdəki qərarından sonra bankların obyektiv olaraq çətinliyə düşüb, digər tərəfdən də əhali əmanətlərini dollara dəyişib.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən kommersiya banklarında manatla yerləşdirilən depozitlərin həcmi 2015-ci il may ayının 1-nə 45 milyard 80 milyon 300 min manat təşkil edib ki, təkcə aprel ayında bu göstərici 5 milyard 12 milyon 300 min manat və ya 10% azalıb. Cari ilin əvvəli ilə müqayisədə isə sözügedən azalma 26 milyard 95 milyon 500 min manat və ya 37% təşkil edib.

Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında əhalinin banklardakı əmanətlərinin həcmi 77 milyard 17 milyon 200 min manat olub ki, bunun da 54 milyard 72 milyon 200 min manatı, yəni 70%-dən çox hissəsi xarici valyutadan ibarət olub. Başqa sözlə desək, banklardakı əmanətlərin strukturunda xarici valyutanın çəkisi yanvarda 40% təşkil edirdisə, fevralda 62,3-ə, martda 65,3-ə, apreldə isə 70,9% səviyyəsinə çatıb. Bunun qarşısını almaq olmazdımı? Sözsüz ki, yox...

Əhali əmanətlərini banklarda hansı valyuta ilə istəsələr yerləşdirə bilərlər. Buna qarşı qanunvericilikdə də məhdudiyyət yoxdur. Banklar da kreditlərini ən çox hansı valyutada sərfəli olarsa, o valyuta ilə təklif edə bilərlər. Yəni, buna da məhdudiyyət yoxdur.

Ancaq təkrar edirik ki, kommersiya bankları sözügedən tendensiyaya uyğun olaraq manatla kreditləşdirməni dayandırdılar. Bu isə dollarlaşdırma deməkdir. Təbii ki, bunu müsbət qarşılamaq olmaz. Odur ki, vəziyyətdən 2 çıxış yolu vardır: ya əmanətlərin manatla yerləşdirilməsini stimullaşdırmaq və cəlbediciliyini artırmaq məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirtmək, ya da bankların kredit portfellərində manat kütləsini artırmaq.

Birinci, daha çox banklara aid məsələdir. İkincidə isə AMB-in iştirakı vacibdir. Bu mənada, çox təqdirəlayiq haldır ki, AMB-in kommersiya banklarına manatla vəsait ayırmağı qərara alıb və banklar da onu ancaq kreditləşməyə sərf edəcək. Belə ki, həmin vəsaitin valyuta mübadiləsinə yönəldilməsinə icazə verilməyəcək.

Çünki müşahidəyə əsasən demək mümkündür ki, son 3 ayda - manat dollara nəzərən dəyərdən salındıqdan sonra AMB banklara hər cür dəstək göstərsə də əhali tərəfindən manata olan münasibət əvvəlki vəziyyətə qayıtmayıb. Belə ki, əhali banklara etimad etsə də milli valyutaya ehtiyatla yanaşır. Depozit yerləşdirilməsi demək olar ki, hələ də tamamilə xarici valyuta ilə aparılır.

Ona görə də, əlavə tədbirlər həyata keçirtmək tələb olunur. Banklar tərəfindən manatla kredit təklifini bərpa etmək və artırmaq üçün Mərkəzi Bank vəziyyətə daha fəal şəkildə müdaxilə etməlidir ki, prosesə ən sərt formada dəstək göstərsin. Bunun başlıca yolu isə AMB tərəfindən ayrılan mərkəzi kreditlərin həcmini artırmaqdan keçir. Çünki, dövriyyədən yığılan manat tədricən geri qaytarılmalıdır. Bunu da yalnız ucuz pul-krediti vasitəsilə təşkil etmək mümkündür.

Yeri gəlmişkən, istehsalı genişləndirmək və ixracı artırmaq məqsədilə milli valyutanı tədricən dəyərdən salmaq da istənilən halda AMB-in uçot dərəcəsindən asılıdır. Başqa sözlə desək, mərkəzi maliyyə resursları və yaxud kreditlər üzrə təyin olunan faiz dərəcəsindən. Odur ki, ən mükəmməl devalvasiya mexanizmi də məhz pul-kredit siyasəti vasitəsilə həyata keçirilir.

AMB uçot faiz dərəcəsini 2012-ci ilin dekabr ayının 12-dən aşağı salır. Həmin vaxt 5,25% idi ki, qeyd olunan tarixdə 5%-ə salındı. 2013-cü ilin fevralın 11-də 4,75-ə, 2014-cü ilin mayın 1-də 4,25-ə, həmin ilin iyulun 30-dan isə 3,5%-ə qədər endirilib.

Fikrimizcə, banklar tərəfindən əmanətlərin strukturunun kəskin şəkildə dəyişməsi səbəbindən kredit təklifinin məhdudlaşmasını aradan götürmək və ümumiyyətlə, manatla kredit verilməsini tam bərpa etmək üçün AMB uçot faiz dərəcəsinə baxmalı və onu 2%-dək aşağı salmalıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti