Oğurlanan Azərbaycan qızılı Gürcüstana necə daşınır – Sensasion təfərrüatlar

Oğurlanan Azərbaycan qızılı Gürcüstana necə daşınır – Sensasion təfərrüatlar
  20 İyul 2015    Oxunub:27156
Gürcüstan KİV-i Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda hasil edilən qızıl filizlərinin Gürcüstanda emal olunmasının sensasiyon təfərrüatlarını yayımlayıb. AzVision.az bununla bağlı kavkazplus.com saytında dərc olunmuş “Azərbaycan təbii sərvətlərinin böyük həcmlərdə uzunmüddətli talanı” adlı məqaləni oxucularına təqdim edir.

...Ermənistanda bu yaxınlarda fövqəladə hadisə baş verib. Aprel ayının 28-i gecə 01:30 radələrində Ermənistan polisinin Vardenis bölməsinə Sotsk qızıl yatağı ərazisində üç naməlum şəxsin olması barədə məlumat daxil olub. Çağırış nəticəsində hadisə yerinə gələn polis əməkdaşları müəssisə ərazisində Vaxtanq L. (1972-ci il), Armen Q. (1964), Qarnika M. (1975) adlı şəxsləri aşkarlayıblar. Axtarış nəticəsində adları çəkilən sonuncu iki şəxsin çantasından 14 kiloqram qızıl süxuru aşkarlanıb.

Lakin məsələ bundandır ki, `Sotsk` adlandırılan qızıl yatağının istismarının özü digər ölkənin təbii sərvətlərinin böyük həcmdə soyğuçuluğudur. Bu yatağın adı SSRİ dövründə Zod və ya “Söyüdlü” olub və həmin yer Azərbaycanın ərazisində - erməni silahlı qüvvələri tərəfindən işğal olunan Kəlbəcər rayonunda yerləşir.

Zod yatağında kəşfiyyat işləri əsasən Ermənistanın Vardenis rayonu (keçmiş Basarkeçər) ilə sərhəddə yerləşən Azərbaycanın Kəlbəcər rayonununda aparılıb. Yataq 1951-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin “Qafqazzolotorazvedka” ofisinin geoloji-axtarış partiyası tərəfindən aşkarlanıb. Bu ofis 1955-ci ilə qədər bütün Zaqafqaziya ərazisində geoloji kəşfiyyat işləri aparıb. Bu ərazilərdə hasil edilən qızıl xüsusi keyfiyyətə malik idi. Orada qızıl az olsa da, onun təmizlənməsinə digər yataqlarla müqayisədə daha az vəsait lazım olur. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Həsən Çələbinin 2006-cı ildə açıqladığı məlumatlara görə, ermənilər həmin ilə qədər Kəlbəcər rayonunda yerləşən “Söyüdlü” yatağından hər il təxminən 3 ton həcmində qızıl hasil ediblər.



O vaxtdan etibarən hasilat dəfələrlə artıb. “Sotsk” adlandırılan bu qızıl yatağının elə Azərbaycan ərazisində yerləşən “Söyüdlü” yatağı olduğunu “Google”un peyk xəritələrinə baxmaqla aydınlaşdırmaq olar. Kosmosdan çəkilən görüntülərdə aydın olur ki, filiz hasilatı üzrə işlər tamamilə Azərbaycan ərazisində aparılır və burada hasil edilən filiz qanunsuz olaraq Ermənistan ərazisində yerləşən Sotsk (Zod) dəmiryolu stansiyasına daşınır. Bu stansiyadan oğurlanmış Azərbaycan filizləri ilə dolu yük eşelonları daşınır.

Yataqlarda hasilat işləri aparan “GeoProMining” şirkəti filizlərin hara daşındığını adətən açıqlamır, ən yaxşı halda məlumat yayır ki, filiz zənginləşdirilir və Ararat şəhərində yerləşən zənginləşdirici fabrikada filizdən qızıl götürülür. Lakin bu fabrikin gücü ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində hasil etdiyi filizin tam həcmdə işlənməsinə yetmir. Fabrikin modernləşdirilməsinə qədər onlar hətta nəzəri olaraq “Söyüdlü”də hasil edilən bütün filizi emal etmək gücünə malik deyildilər.

Ona görə də, böyük şübhələr var ki, bu filizin böyük hissəsi xaricə, xüsusilə Gürcüstana aparılır və orada Madnueli filiz zənginləşdirmə kombinatında (FZK) emal olunur. Bu müəssisə Gürcüstanın ən zərərli və ekoloji çirkli istehsal müəssisəsidir. Madneuli DZK Bolnisi və Marnueli rayonunun atmosferini zəhərləyir ki, bu ərazilərdən keçən Maşaver və Kür çayları bütün Azərbaycan ərazisindən axaraq, Xəzər dənizinə tökülür.

Gürcüstana idxal olunan `oğurluq` filiz və onun emalının həcmlərinin hansı miqyasda olmasını ölkənin 2014-cü ildə xarici ticarətinə dair rəsmi statistikanın göstəriciləri aydın şəkildə nümayiş etdirir. Belə ki, həmin il ərzində Gürcüstana 165,2 milyon dollar dəyərində filiz və konsentratlar idxal olunub və bunun da böyük hissəsi Ermənistandan edilib.

Ermənistanda `Söyüdlü` yatağı ilə bağlı böyük həcmdə qızıl filizlərinin xaricə daşınması ilə əlaqədar sonuncu qalmaqal onu göstərir ki, ixrac edilən filizin qiyməti əhəmiyyətli şəkildə ucuzlaşdırıla bilər. Bundan əlavə, Ermənistanın işğal olunan Azərbaycan ərazilərindən çıxardığı qızıl filizləri Madneliyə ucuz mis filizləri adı altında aparılır.



Məsələn burasındadır ki, yalnız 2014-cü ildə rəsmi Gömrük statistikasına əsasən, Ermənistandan ixrac edilən yüksək gömrük dəyərinə malik məhsullar siyahısında yeni ad – “filiz və tərkibində qiymətli filiz konsentratları olan süxurlar” peyda olub. Buna qədər isə qızıl filizi ayrılıqda nəzərə alınmırdı. Gömrük xidmətinin məlumatına görə, 2014-cü ildə Ermənistandan 5,8 min ton həcmində tərkibində qiymətli metallar olan filiz ixrac edilib ki, bunun da gömrük dəyəri 32,7 milyon dolları ötüb. 2014-cü ildə 5,18 min ton tərkibində qiymətli metallar olan filiz Çinə, 623 kiloqram İsveçrəyə, 15 kiloqramı isə Avstraliyaya aparılıb. Tərkibində qiymətli metalların olduğu filizin hansı şirkət və şirkətlər tərəfindən ixrac edilməsi barədə məlumat açıqlanmır. Ermənistan Respublikasının Maliyyə Nazirliyi məlumatların məxfi hesab edildiyini bildirir.

2014-cü ildə `adi` filiz adı altında Gürcüstana qızıl filizlərinin aparılmasına dair böyük şübhələr var. Oğurlanmış Azərbaycan filizinin Madneul DZK-ında emalı artıq xeyli müddətdir ki, gedir. “GeoProMining” şirkəti 2005-ci ildə “Madneuli” şirkətini əldə edib. 2007-ci ildə isə “Madneuli” şirkəti “Ararat qızıl hasilatı şirkəti”nin (AGRC) səhmlərinin sahibi olub. AGRC isə işğal altında olan “Söyüdlü” yatağında hasilat işləri aparıb.

İşğal olunan yatağın əvvəlki sahibi Hindistanın “Vedanta Resources” şirkəti 958,54 kiloqram, 1,444 ton gümüş və 1,53 ton selen oğurlayıb və erməni məhkəməsinin qarşısına çıxıb. Lakin yeni investor AGRC keçmiş sahibkarların bütün öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bildirib.

İlkin olaraq “Madneuli” qızıl yatağının yaxınlığında Ermənistanın ərazisində yerləşən Sotk kəndində yeni fabrikin tikintisini planlaşdırırdı. Lakin ekoloqlar Göyçə gölü hövzəsində yeni fabrikin tikintisinə qarşı çıxıblar. Buna əsas kimi isə onlar “Göyçə gölü haqqında” qanun layihəsini göstəriblər. Bu qanuna görə göl ətrafında sianidin tətbiqilə sənaye fəaliyyəti məhdudlaşdırılıb. Nəticədə “Madneuli” şirkəti filizi həm Ararat şəhərinə, həm də Gürcüstanda Kazreti şəhərində daşımalı olur.



Ermənistan Dövlət Aqrar Universitetinin iqtisadi elmlər üzrə namizədi Petrosyan S.A.-nın 2012-ci ildə dərc olunan “Mədənçıxarma sənayesi Ermənistan Respublikasının əsas prioritetlərindən biri kimi” məqaləsinə əsasən, 2011-ci ildə “GeoProMining” şirkəti Ermənistanda rəsmi olaraq 1280 kiloqram qızıl hasil edib ki, bu da 2010-cu ilki göstəricidən 90% çoxdur. “Sots qızıl yatağı”nda filiz emalı 60% (870 min ton) artıb. Əgər təkcə son bir ildə Azərbaycanın qızıl yataqlarından oğurlanan filiz ilə aprelin 28-i, 2015-ci ildə cinayətkarların çantalarında aşkarlanan 14 kiloqramla müqayisə etdikdə, onda Azərbaycan təbii sərvətlərinin həcmi həddən artıq nəhəng görünür.

Filiz hasilatı istehsalatında əhəmiyyətli artım 2013-cü ildə müşahidə olunub. Belə ki, həmin il Araratdakı zavod modernləşdirilib və daha artıq filiz qəbuluna hazır olub.

Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin o miqyasa çatıb ki, hətta Erməni ekoloqlarını da narahat etməyə başlayıb. Belə ki, 19 oktyabr 2011-ci ildə Ermənistan Prezident administrasiyasının qarşısında “GeoProMining” şirkətinin Sevan gölü hövzəsində, həmçinin Sotk kəndində dağ mədən kompleksinin tikintisinə qarşı “S.O.S Sevan” yaşıl aksiyası keçirilib.

Bundan əlavə, məlumatlar var ki, Gürcüstandakı hasilat gücü Madneulidəki `yüklənmə`ni təmin etmir. Hələ 2011-ci ildə məlumat yayıldı ki, GeoProMining qrupunun törəmə şirkəti olan “Madneuli” filiz zənginləşdirmə şirkəti filizin ikinci emalına başlayıb. Rəsmi məlumatlara görə, 2008-2009-cu illərdə davam edən maliyyə böhranı nəticəsində şirkət yeni yataqların işlənməsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməyib. Bununla əlaqədar olaraq şirkət daha əvvəl əldə etdiyi lisenziyaları Gürcüstan Energetika və Təbii Sərvətlər nazirliyinə qaytarmalı olub. (https://azvision.az/redirect.php?url=http://interfax.az/view/476144).

Oğurlanan Azərbaycan filizini emal etmək öz filizini hasil etməkdən daha səmərəli olub. 2011-ci ilin ilk yarısında Gürcüstandan ixrac edilən qızılın həcmi 2010-cu ilin analoji dövrü ilə müqayisədə 43,7 faizdən 57,1 faizə yüksəlib. Burda daha bir maraqlı məqam ortaya çıxır. Demək olar ki, bütün qızıl ölkəyə gətirilən (əsasən Azərbaycanın işğal altında olan ərazisi Kəlbəcərdən) filizdən alınıb.



2012-ci ildə Rusiyanın “Neva-Rus” şirkətinin “GeoProMining” şirkətindən Gürcüstanın “Mandeuli” və “Kvarçit” müəssisələrinin səhmlərinin alması isə oğurlanan Azərbaycan filizlərini ilə bağlı işin sxemində çox xırda dəyişikliklərə səbəb olub.

Bundan əlavə, elə həmin “Neva-Rus” şirkəti bu gün Ermənistan dağ-mədən sənayesinin böyük hissəsinə nəzarət edir. Faktik olaraq hasilat və emalla məşğul olan firmaların daimi olaraq dəyişməsi Azərbaycanın icazəsi olmadan ölkənin işğal altında olan ərazilərində təbii sərvətlərin talanması ilə məşğul olan şirkətlərə qarşı iddiaların irəli sürülməsi prosesini çətinləşdirir.

Azərbaycan resurslarının qanunsuz istismarı və bununla da ölkəyə dəyən ziyanı ödəmək üçün ən yaxın zamanlarda Söyüdlü yatağının işlənməsi və filizlərin qanunsuz daşınması üzrə real sxemlərlə bağlı araşdırma aparılmaldır.

Bundan əlavə, Gürcüstan ekologiyasına və Kvemo Kartli regionunun sakinlərinə də dəymiş ziyana görə də kompensasiya ödənməlidir. Belə ki, son illər Madneuli müəssisəsində ekoloji normaların pozulması nəticəsində kəskin şəkildə müxtəlif növ xəstəlilərin sayını artırıb.

Şirkət kənd təsərrüfatı mülklərinin rekultivasiyası və Madneuli ətraflarında çay suyunun çirkləndirilməsinin qarşısının alınmaları üzrə tədbirlər görməlidir.

Tərcümə: Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti